Tarix: 04.10.2024 / 13:00
Tümendə “Azərbaycanlı dəstə”nin   məhkəməsi başlayıb

Tümendə “Azərbaycanlı dəstə”nin məhkəməsi başlayıb

Tümen Ticarət Mərkəzində guya heç bir səbəb olmadan insanları döyərək videoya çəkən azərbaycanlı yeniyetmələrin işi ilə bağlı şəhərin Leninski rayon Məhkəməsində bir sıra dinləmələr keçirilib. “Azərbaycanlı dəstə”nin işi üzrə təqsirləndirilən şəxslərin çoxu azyaşlılar olduğu üçün proses qapalı keçirilir.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, “Azərbaycanlı dəstə”nin işində yalnız bir yetkin təqsirləndirilən 2006-cı il təvəllüdlü Ziya Əbilovdur. Digər təqsirləndirilən şəxslərin isə 15 yaşları var.

Vəkil Pavel Rusnakovun sözlərinə görə, iki şübhəlinin yetkinlik yaşına çatmaması hökmə xüsusi təsir göstərməyəcək, onlar xüsusi koloniyaya yerləşdirilə bilər.

“Cinayət Məcəlləsində göstərilir ki, cinayət azyaşlılar tərəfindən törədilibsə, ona 10 ildən artıq həbs verilə bilməz. Təsəvvür etsək ki, onlara 3 ildən artıq cəza veriləcək, onda onlar 18 yaşına kimi yetkinlik yaşına çatmayanlar üçün koloniyada saxlanılacaq. Sonra isə adi koloniyaya köçürüləcəklər ”, - deyə vəkil bildirib.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinirlər. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maksimum sanksiyasına görə, onlara 7 ilə qədər həbs cəzası və 5 ilə qədər məcburi əmək tətbiq edilə bilər.


Şərhlər

Yaz...