Tarix: 22.06.2024 / 09:10

Azərbaycanlı gənc istedadlıların dəstəyə ehtiyacı var

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının baş müəllimi, əvvəllər Ümumrusiya Azərbaycanlılar Konqresində təmsil olunan Musa Dadaşov olub.

Diaspora.TV xəbər verir ki, M.Dadaşov müsahibədə müəllim kimi fəaliyyətindən, tələbələri ilə münasibətlərindən və Rusiya-Azərbaycan arasındakı əlaqələrdən bəhs edib.

Onun sözlərinə görə Moskvada 1,5 milyondan çox azərbaycanlı yaşayır və onlar aktiv fəaliyyət nümayiş etdirirlər:

“14 yaşımdan Rusiyada yaşamağa başlamışam. Bu illər ərzində həm də təhsil aldım və bir növ cəmiyyətlə əlaqələrim çox oldu. Onlara vətənim haqqında məlumatlar verdim. Hətta Ümumrusiya Azərbaycanlılar Konqresində təmsil olunmuşam. Hazırda fəaliyyət göstərməməsinə baxmayaraq yenə də ara-sıra orada tanış olduğum şəxslərlə görüşür, söhbətləşirik”.

Baş müəllim əlavə edib ki, Azərbaycan Rusiya üçün maraqlı mövqedə dayanır:

“Dərslərin tədrisi zamanı tələbələrimə Azərbaycan haqqında danışır, ölkəmizi tanıtmağa çalışıram. Biz onsuz da əsrlərdir rusların diqqət mərkəzindəyik. Çünki vətənimizin təbii sərvətləri, zəngin mədəni irsi həmişə marağa səbəb olub”.

M.Dadaşov qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlı gənc istedadlıların dəstəyə ehtiyacı var:

“İstedadı olan insanların əksəriyyətinin imkanı olmur, yaxud da ona dəstək olanların sayı azlıq təşkil edir. Çox istərdim ki, həmin soydaşlarımıza diqqət edək, onlarla yaxından maraqlanaq. Rusiyada da kifayət qədər azərbaycanlı iş adamları var. Onlar ölkəmizi tanıtmaq üçün əllərindən gələn maddi dəstəyi edirlər. Ancaq bu kifayət deyil. Biz əvvəlcə bir sistem qurmalıyıq ki, nəyi necə etməliyik. Çünki bir işə başlamazdan əvvəl onun sxemini quranda işin 50%-ni həll etmiş oluruq”.

Şərhlər

Yaz...