Tarix: 30.09.2024 / 16:20
Azərbaycanlı gənc    İstanbul küçələrini necə fəth edir?

Azərbaycanlı gənc İstanbul küçələrini necə fəth edir?

Azərbaycanlı gənc sənətkar Tərlan İskəndərov Azərbaycanın mədəniyyətini İstanbul küçələrində tar çalmaqla təbliğ edir. İskəndərov Bəylərbəyi parkında və Ortaköy meydanında türk və Azərbaycan xalq musiqisi əsərlərini tamaşaçılara təqdim edir.

Diaspora.TV xəbər verir ki, Anadolu Xəbər Agentliyi onun barəsində hazırladığı materiala “İstanbul küçələrində rezonans doğuran dünya səsləri” adını qoyub.

Universitet təhsili üçün İstanbula gələn 27 yaşlı Tərlan İskəndərov həm ölkəsinə xas olan tarın təbliği, həm də təhsil ehtiyacını ödəmək üçün küçə musiqiçisi kimi fəaliyyətə başlayıb.

Türk və Azərbaycan xalq musiqilərini ifa edən T.İskəndərov 160 ilə yaxın tarixi olan Bəylərbəyi Sarayına gələn qonaqların diqqətini çəkir.

T.İskəndərov İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət İdarəsinin hazırladığı “Sənət Küçələrə Daşacaq” layihəsinin də üzvüdür.

“İstanbul mənim üçün dünyanın ən gözəl şəhəridir”

Anadolu Agentliyinin müxbirinə musiqi aləti ilə birlikdə İstanbula gedib çıxan həyat hekayəsini danışan azərbaycanlı gənc musiqiçi bunları deyib:

"Küçədə ifa etməyi çox sevirəm. Çalışıram ki, qazandığım pulla dolanım”.

Küçədə musiqi səsləndirərkən özünü minlərlə insana konsert verirmiş kimi hiss etdiyini dilə gətirən T.İskəndərov sözlərinə bunları əlavə edib:

"Bəylərbəyi parkı çox möhtəşəmdir, burada musiqi səsləndirərkən özümü böyük səhnədə hiss edirəm. Boğazı seyr etmək və başımın üzərində türk bayrağını görmək... Bu, məni qürurlandırır. İnsanlar axşam işdən evə yorğun gəlir, burada mənim musiqimi dinləyib dincəlirlər".

T.İskəndərov İstanbul küçələrində musiqi ilə məşğul olarkən özünü azad və güvənli hiss etdiyini bildirib:

"İstanbul mənim üçün dünyanın ən gözəl şəhəridir, möhtəşəm şəhərdir, çox rəngarəngdir. Buranı çox sevdim, buradan necə ayrılacağam bilmirəm, hər yerdə başqa bir gözəllik var. İstanbulun hər küçəsində musiqiçilər var və şəhərə rəng qatırlar. Bu musiqiçilər İstanbulu daha da gözəlləşdirir, məscidləri görəndə, deyirəm ki, Allahım, bu böyük şəhərdə məni heç vaxt tək qoyma. Mən dua edirəm".

“Tar alətini Türkiyədə və İstanbulda tanıtmaq istəyirəm”

Ölkəsini hər zaman müharibədə və sülhdə dəstəkləyən Türkiyədə təhsil almaqdan məmnun olduğunu deyən T.İskəndərov sözlərini belə yekunlaşdırıb:

"Türkiyə sənətçilərinin çoxunu sevirəm. Orxan Gencebay, Aytaç Doğan, Hüsnü Şenlendirici, hamısı çox yaxşıdır. Türklər tarı çox sevir. Türklər çox az adam tarı bilir, amma bilənlər çox sevir. Gəlib soruşurlar ki, bu alət nədir, hansı ölkəyə aiddir? Mən istəyirəm ki, Türkiyədə və İstanbulda insanlar sizdəki bağlama kimi tarı tanısınlar”.

Şərhlər

Yaz...