Tarix: 10.09.2024 / 15:01
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə    hədiyyə edəcək

Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək

Mən böyük kitabxanamı Qarabağ Universitetinə hədiyyə edəcəyəm.

Diaspora.TV xəbər verir ki, bunu Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda “Azərbaycan müəllimi”nə açıqlamasında Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrindən azərbaycanlı alimlərin bu forumda bir araya gəlməsi çox böyük hadisədir.

"Bu forumun proqramından da göründüyü kimi, bizim çox gərgin iş qrafikimiz olacaq. Ümumiyyətlə, bu gün burada qeyd olundu ki, elmin vətəni yoxdur, ancaq alimin vətəni var. Bu, bizim birinci şüarımız oldu. Əlbəttə, biz hamımız azərbaycanlılar olaraq buraya yığışmışıq və bizim əsas məqsədimiz də Azərbaycan elminə, təhsilinə öz töhfələrimizi verməkdir. Mən elə düşünürəm ki, bizim bu forumda bütün işimiz məhz o töhfənin hansı şəkildə verilməsi və nə cür verilməsindın gedəcək. Məmnun gördüyüm odur ki, bizim geniş mövzular üzrə müzakirələrimiz olacaq. Özümüzə müəyyən bir hədəf seçməliyik ki, biz gələcəkdə nələri etməliyik".

İlham Axundov qeyd edib ki, bu forumun ən böyük əhəmiyyəti həm də ondadır ki, azərbaycanlı alimlər arasında müəyyən bir şəbəkələşmə yaradır:

"Biz bu gün bir yerdə olmuşuq. Çoxları bir- birini tanıyırdı, ancaq ünsiyyət qurmamışdılar. Bu ünsiyyət bu gün burada yarandı. Dünyanın bütün alimləri eyni dildə danışırlar. Riyaziyyatçılar bir dildə danışır. Mən bu gün burada hiss edirəm ki, biz nələri edə bilərik. İlk gün artıq onu göstərir ki, bizim potensialımız çoxdur və əsas məqsəd də odur ki, bu potensialı düzgün istiqamətə gətirək. Və onu daha da məhsuldar şəkildə Azərbaycanın təhsilinin, elminin inkişafına sərf edək. Hesab edirəm ki, bu forumun ən yaddaqalan şərəfli hissəsi də bizim sonuncu gün olacaq və həmin gün biz Şuşaya səfər edəcəyik. Xankəndidə Qarabağ Universitetini ziyarət edib orada professor-müəllim heyəti ilə görüşümüz olacaq. Mən bu günü çox səbirsizliklə gözləyirəm. Çünki bu mənim oraya ilk səfərim olacaq və azad Şuşaya ilk səfərimi mən səbirsizliklə gözləyirəm. Qarabağ Universiteti ilə bağlı müəyyən planlarımız var. Mənim də planım var və artıq bunu açıqlaya bilərəm: mən böyük kitabxanamı məhz Qarabağ Universitetinə hədiyyə edəcəyəm".

Şərhlər

Yaz...