Tarix: 25.09.2024 / 13:45
Azərbaycanın Kahramanmaraşa göndərdiyi yardımı satanlar    həbs edildi

Azərbaycanın Kahramanmaraşa göndərdiyi yardımı satanlar həbs edildi

Türkiyənin Kahramanmaraş bölgəsinin Türkoğlu rayonunda zəlzələdən zərərçəkənlərə göndərilən yardım materiallarını satan 1 mərkəz işçisi, 1 müəllim olmaqla 8 şübhəli saxlanılıb.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, şübhəlilərdən 4-ü məhkəmə tərəfindən həbs olunub.

Zəlzələ zamanı Kahramanmaraşın Türkoğlu rayonunda yaradılmış Azərbaycan-Türkiyə Müvəqqəti Sığınacaq Mərkəzində zəlzələdən zərərçəkənlərə göndərilən yardımın məsul şəxslər tərəfindən satıldığı xəbəri üzərinə rayon Polis Şöbəsi qrupları işə başlayıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 4-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Türkoğlu Kaymakamlığı da əməliyyatla bağlı yazılı açıqlama yayıb. Açıqlamada konteyner də daxil olmaqla çoxlu sayda materialın ələ keçirildiyi bildirilib:

“Türkoğlu prokurorluğunun başlatdığı əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Türkiyə Müvəqqəti Yerləşdirmə Mərkəzindən ictimai malların oğurlanaraq satılması barədə məlumat daxil olub. İl polis müdirliyi ilə əlaqələndirilmiş iş nəticəsində 2 ədəd sənədsiz tapança, bu silahlara aid 1 ədəd sənədsiz ov tüfəngi və döyüş sursatı, dəyəri 1,5 milyon TL olan konteynerlər, elektron əşyalar, qida və məişət materialları ələ keçirilib. İşlə bağlı 4 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb”.

Şərhlər

Yaz...