Tarix: 09.09.2024 / 18:14
Kaş bu gəncləri xəyal etdikləri Şuşaya aparmaq imkanım olaydı...

Kaş bu gəncləri xəyal etdikləri Şuşaya aparmaq imkanım olaydı...

"Azada məktəbli köynəkləri almağa gəlmişəm. Mağazada işləyən gənc satıcıdan mənə lazım olan ölçünü istəyirəm. Satıcı “Xanım, siz Azərbaycan türküsünüz?” deyə soruşur".

Diaspora.TV xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist İlhamə Qasımlı sosial media hesabında paylaşıb.

Yazını olduğu kimi təqdim edirik:

- Adətən tanımadığım adamların şəxsi mövzuda suallarını xoşlamadığım üçün, əvvəlcə soyuq cavab vermək istədim. Amma ilk dəfə Türkiyədə bir mağazada "azərisən" yox, "Azərbaycan türküsən" sualını eşitdiyimin fərqinə varıb, xoş üzlə bəli dedim.

Köynəyə baxdığım sırada satıcı mövzunu davam etdirərək “Azərbaycanın harasındansınız ?” deyə soruşdu. Dedim ki, əvvəllər Azərbaycanda olmusan? Bölgələri tanıyırsanmı? "Heç olmamışam, amma ən böyük xəyalım bir gün Suşaya getməkdir" dedi. Gənc adam hər cavabı ilə məni təəccübləndirməyə başladı.

"Birincisi, Şuşadır, Suşa deyil. İkincisi, əgər Şuşanı tanıyırsansa və ora səfər etmək arzusundasansa, sənin Azərbaycana xüsusi marağın olmalıdır" dedim.

Azərbaycanla bağlı belə detallı danışan sadə adamlar, adətən ya nə vaxtsa Azərbaycana iş üçün gedən biri olur, ya da azərbaycanlı dostu olduğu üçün sual verir. "Marağının səbəbi nədir?" soruşdum. Gənc oğlan nə deyəcəkdi? "Azərbaycanda heç olmamışam. Amma, sən bizimsən, bizimsən, durduqca bədəndə can! Yaşa, çox yaşa, ey canım Azərbaycan!"

Ticarət üçün gəldiyim belə bir mühitlə qarşılaşmağım gözlənilməz idi. “MHP-lisən” deyə soruşdum. "Xeyr, mən partiya üzvü deyiləm. Mən sadəcə türk millətçisiyəm" dedi.

Ödənişi etdikdən sonra mağazadan ayrıldım.

Yolda düşündüm ki, kaş bu (və bunun kimi) gəncləri Azərbaycana göndərmək, xəyal etdikləri kimi Şuşaya aparmaq imkanım olaydı. Azərbaycan mövzusunu Türkiyənin milli məsələsi bilən Türk millətçi seqmenti burada yenilməz qalamızdır! Türk millətçi seqmenti Türkiyədə Azərbaycana qarşı yönələ biləcək siyasi qərarlara qarşı hər zaman (bu gün də) sipərdir! Türkiyə siyasətində MHP faktoru, ictimai fikir və gənclik hərəkatındakı türk millətçiliyinin inkar edilə bilməz gücü və təsiri, bütün zamanlarda Azərbaycanın milli maraqlarının qarantisidir. Millətçi seqmenti, Türkiyə iqtidarları üzərində təzyiqi olmasaydı, Ermənistanla sərhədlər çoxdan açılmışdı. Bu seqmentlə Azərbaycanın geniş və aktiv əlaqələrə sahib olması Türkiyədəki gücümüzə güc qatır.

Şərhlər

Yaz...