“Diasporla müsahibə”nin növbəti qonağı Finlandiyada yaşayan azərbaycanlı, Azər-Türk Gənclər Təşkilatının fəal üzvü Mona Safojifar olub.
M.Safojifar müsahibəsində Finladiyadakı diaspor fəaliyyətindən, incəsənətə marağından və Azərbaycan gənclərinin mediada aktivliyindən bəhs edib:
“7 yaşımdan etibarən Finlandiyada yaşayıram. Azərbaycanı çox sevirəm və düşünürəm ki, vətənimi tanıtmalıyam. Çünki Azərbaycanın zəngin mədəniyyəti və gözəl təbiəti var. Hətta aktiv olduğum üçün 2022-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi məni Azərbaycanda düşərgəyə dəvət etmişdi. Şuşaya və Naxçıvana səfərlərdə olmuşam. Şuşaya səfərimdə hətta düşünürdüm ki, kaş mənim də burada bir evim olardı. Gələcəkdə Azərbaycanda da yaşamaq istəyərəm”.
İncəsənətə böyük maraq bəsləyən 19 yaşlı gənc fəal hətta "Eurovision" mahnı müsabiqəsində də Azərbaycanı təbliğ etmək arzusundadır:
“Bunun üçün hazırlaşıram, pianoda mahnılar ifa edirəm. Bəzən Azərbaycanla bağlı tədbirlərdə yaxından iştirak edirəm, mahnılar oxuyuram. Musiqi yarışmasında qalib də olmuşam və düşünürəm ki, mən bacara bilərəm. Hər il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın çıxışını böyük maraq və həyəcanla izləyirəm. Musiqi hələki mənim hobbimdir, ancaq gələcəkdə işim də ola bilər. Hazırda isə məktəbi bitirib, Tibb Universitetinə hazırlaşmağı düşünürəm”.
“Azər-Türk” Gənclər Təşkilatınnın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova ilə birgə tədbirlədə iştirak edirəm. Burada bizim əsas problemimiz dildir, Azərbaycan məktəbləridir. Helsinkidəki Azərbaycan evində 5-20 yaş arasında gənclərə Azərbaycan dili dərsləri keçirilir. Dilimizi unutmamalıyıq”, - deyə gənc fəal bildirib.
M.Safojifar Finlandiyaya üz tutan soydaşlarımıza da tövsiyyələr verib:
“Buraya gələn azərbaycanlılara “xoş gəlmişsiniz” demək istəyirəm. Çünki Finlandiyada tələbələrə və gəlmələrə hörmət və sayqı ilə yanaşırlar. Finlandiya maraqlı və gözəl ölkədir, soydaşlarımızı burada görmək çox xoş olar”.