Tarix: 16.05.2024 / 15:32
Azərbaycanı Türkiyə cəmiyyəti tanımır -  Araşdırmaçı jurnalist

Azərbaycanı Türkiyə cəmiyyəti tanımır - Araşdırmaçı jurnalist

“2016-cı ildən etibarən İstanbulda yaşayıram. Əsas fəaliyyətim Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixini araşdırmaqdır. Bildiyimiz kimi, XIX əsrin sonlarından 1950-ci illərədək Cənubi Qafqazdan Türkiyəyə köçlər olub. Yəni, 1920-ci ildə cümhuriyyətimizin işğalından sonra istiqlal mübarizəsi aparan ictimai-siyasi xadimlərimiz qardaş ölkəyə gəliblər”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Dilqəm Əhməd deyib.

O, bir neçə istiqamətdə fəaliyyət göstərdiyini bildirib:

“İlk işim Türkiyəyə köçən bu insanların həyat hekayələrinin yazılması, onlara aid arxiv materiallarının toplanılması olub. İkinici, bu insanların nəsilləri ilə əlaqələrin qurulması, üçüncüsü isə mühacirlərin məzar yerlərinin aşkar edilməsidir. Onu deyim ki, Türkiyədə olduğum müddətdə "Mühacirlərin dönüşü", "Mühacirlərin mirası", "Bir ildən yüz ilə", "Beriya müəmması", "Sənin Abo" və s. kitablar hazırlamışam, bu mövzuda onlarla məqalə yazmışam. Eyni zamanda mütəmadi olaraq Türkiyə auksionlarını təqib edərək yüzlərlə cümhuriyyət və mühacirət tarixinə aid material yığmışam. Bundan başqa, burada yaşayan türkoloq, dosent Mehdi Gəncəli ilə birlikdə Əhməd bəy Ağaoğlunun arxivinin Azərbaycana gətirilməsinə nail olmuşuq. 2018-ci ildə jurnalist həmkarım Vüsalə Abbasova ilə birgə yazdığımız layihə nəticəsində İstanbuldakı Azərbaycan Konsulluğu Feriköy məzarlığındakı təmirə ehtiyacı olan məzarları bərpa edib girişdə xatirə abidəsi ucaltmışıq. Hazırda Azərbaycanda doğulan və İstanbulda dəfn edilən 60-dan çox azərbaycanlının məzar yerini siyahıya almışam, bir kitab da hazırlamışam. Dəstək olsa, onu çap etdirəcəyəm. Eyni zamanda İdarə Heyətinin üzvü olduğum İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbul və Manisada universitetlərdə İrəvan Xanlığı ilə bağlı konfrans təşkil etmişik. Mütəmadi olaraq, Türk Ocağı, Türk Ədəbiyyatı Vəqfi ilə layihələr həyata keçiririk. Ötən il Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında "Türkiyədə qurulan Azərbaycan cəmiyyətləri" adlı kitabım işıq üzü görüb”.

D.Əhməd vurğuladı ki, diaspor fəaliyyətində əsas problem maddiyyatla bağlıdır:

“Layihələr həyata keçirmək istəyən o qədər qabiliyyətli insanlar var, amma təəssüflər ki, heç bir yerdən dəstək ala bilmirlər. Azərbaycanlı iş adamları Türkiyədə çoxluq təşkil etməsinə baxmayaraq, barmaqla sayılacaq qədəri milli işlərə dəstək olurlar. Ona görə də Türkiyədə millətçi kəsimdən başqa, demək olar ki, Azərbaycanı Türkiyə cəmiyyəti tanımır. Faktiki olaraq, Türkiyədə erməni nəşriyyatları qədər güclü nəşriyyatımız yoxdur. İstanbulda indiyədək Türkiyə ictimaiyyətinə təsir edəcək bir təşkilatımız belə yoxdur, eləcə də nüfuzlu şəxsiyyətlərimiz yoxdur. Burada nüfuz dediyim daha çox siyasi təsir gücü ilə bağlıdır. Həll yolu odur ki, iş adamlarımız diaspora fəaliyyətinə dəstək olsunlar”.

D.Əhməd qeyd edib ki, Azərbaycanla bağlı məsələlər Türkiyənin həmişə onuncu dərəcəli mətbuatında yer alır:

“Ana media qaynaqlarında Azərbaycana aid adətən heç nə olmur. Baxılmayan, ciddiyə alınmayan saytlarda, qəzetlərdə, televiziyalarda çıxışlar olur. Bunlar da tamamilə layihə icra etmək üçün edilən özfəaliyyətdən başqa bir şey deyil. Azərbaycan təşkilatlarının təsir gücü olmadığı üçün böyük medialarda yer ala bilmirik. Bunu etiraf və qəbul etmək gərəkdir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...