Azərbaycanı “Qarabağ şikəstəsi”ni ifamla təmsil etdim - Vüsalə Yusif
“Azərbaycan həqiqətlərinn tanıdılmasında musiqinin rolu danılmazdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif deyib.
V.Yusif qeyd edib ki, 12 il Sultan Qaboos Universitetində çalışıb:
“Orada çalışdığım zaman həmin universitetin fortepiano şöbəsinin müdiri idim. Azərbaycan bəstəkarlarının əsərlərini tədris proqramımıza əlavə etdim. Bundan başqa, hər zaman Azərbaycan musiqisini sevdirməyə çalışmışam”.
V.Yusif qeyd edib ki, universitetdə çalışarkən Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş bir sıra tədbir və konsertlər təşkil edib:
“Həmin tədbirlərdə “Qarabağ şikəstəsi”ni ifa etməklə Azərbaycanımızı təmsil etməyə çalışmışam. Hazırda Dövlət Orkestrində pianist və Dövlət Musiqi Kollecində piano müəlliməsi olaraq çalışıram”.
V.Yusif əlavə edib ki, Azərbaycanı xaricdə tanıtmaq üçün müxtəlif konsertlərlə yanaşı, qalıcı işlər faydalıdır:
“Buna “Azərbaycan bəstəkarlarının əsərlərində bədii məzmun məsələlərinə dair məqaləm” nümunədir. Bu məqalə Sultan Qaboos Universitetinin “İncəsənət və Sosial Elmlər” jurnalında dərc edilmiş və indi də kitabxanada təqdim olunmaqdadır”.