Tarix: 08.05.2024 / 13:36
Azərbaycanı podiumlarda da təbliğ edirəm  - Diaspor sədri

Azərbaycanı podiumlarda da təbliğ edirəm - Diaspor sədri

“Mən Norveçdə doğulub boya-başa çatmışam. Bu fakt diaspor sahəsində ən böyük üstünlüyümdür. Sahib olduğum biliklərlə hər iki ölkə arasında gözəl əlaqə qurmağa cəhd edirəm. Həyata keçirdiyimiz innovativ layihələrin uğurlu nəticələri bunun sübutudur”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında Norveçdəki “CAN Azərbaycan” diaspor təşkilatının sədri, dünya şöhrətli modelyer Şervin Nəcəfpur deyib.

Ş.Nəcəfpurun sözlərinə görə, “CAN Azərbaycan”ın əsas məqsədlərindən biri də Azərbaycan həqiqətlərini maarifləndirmə yolu ilə yerli cəmiyyətə çatdırmaqdır:

“CAN Azərbaycan” təşkilatını 2018-ci ildə quranda çalışdıq ki, böyüklərimizin 30 illik təcrübələrindən yararlanaraq diaspora və lobbiçilik sahəsində yeni bir nəfəs olaq. Fərqli təşəbbüslərimiz, əməkdaşlıqlarımız ərzində bu sahədə uğur qazandığımızı düşünürəm. Biz Norveç mediasında ictimai müzakirələrdə fəal iştirak edirik, həqiqətləri ifadə edib, dezinformasiyaya qarşı mübarizə aparırıq. Məqalələrimizin nufuzlu yerli qəzetlərdə dərc olunmasına səy göstəririk. Norveçin paytaxtı Osloda Azərbaycan həqiqətlərini əks etdirən 200 yaxın maarifləndirici billboard quraşdırmışdıq, qəzetlərdə məlumat kampaniyaları təşkil etmişik”.

Davamlı olaraq beynəlxalq tədbirlərdə iştirak etdiyini vurğulayan Ş.Nəcəfpur “CAN Azərbaycan” təşkilatı adından şəbəkələşməyə və ünsiyyətə çoxlu vaxt ayırdıqlarını bildirib:

“Mitinqlər təşkil etmişik, rəsmilərə müraciətlər ünvanlamışıq. Tədbirlər keçirəndə həmişə Azərbaycan həqiqətlərinə diqqəti cəlb edəcək bir seqmentimiz olur. Həmçinin bir modelyer kimi Azərbaycan həqiqətlərini podiumdan da nümayiş etdirirəm”.


Ş.Nəcəfpur bildirib ki, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq qarşıya çıxan maneələrdən qaçmaq olmur:

“Təəssüf ki, diaspor sahəsi bizim istədiyimiz kimi deyil. Qarşılaşdığımız çoxsaylı çətinliklərdən asılı olmayaraq biz yalnız irəliləyirik. Daima motivasiyamızı yüksək tutmağa çalışırıq, qəti imkan vermirik ki, biriləri bizi həvəsdən salsın. Nəticədə heç bir güc, heç bir hədə-qorxu bizi məqsədimizdən uzaqlaşdıra bilməz. Sizə desəm ki, biz əcnəbilərdən daha çox azərbaycanlıların problemi ilə üzləşmişik, bilmirəm, bizə inanacaqsınız, ya yox... Əfsuslar olsun ki, bizim dəyərli vaxtımızı Diasporla İş üzrə Dövlət Komitəsi ilə mübarizəyə sərf etməyə məcbur edirlər. Lakin bunu da qeyd etmək istəyirəm ki, lazım olanda biz də öz fikirlərimizi bildirməkdən və lazımı qurumlara çatdırmaqdan nə çəkinir, nə də qorxuruq. Əlbəttə, hər şeyin bir həll yolu var və buna görə də problemləri belə böyük ürəklə qarşılayırıq”.

Diaspor sədrinin sözlərinə görə, Azərbaycan naminə qarşıya aydın missiya və əldə edilə bilən məqsədlər qoymaq vacibdir:

“Effektiv kommunikasiya qurmaq və şəbəkələşmə həyata keçirmək zəruridir. Yerli və beynəlxalq maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsi diasporun təsir dairəsini artıra bilər. Diasporun maraqlarını təbliğ etmək və maarifləndirmək üçün innovativ və unikal metodlardan istifadə etmək çox vacibdir. İnteqrasiya mühüm məsələdir, amma körpülər qurmaq üçün yaşadığın ölkənin dilini səlis danışmağı, mədəniyyətini mükəmməl bilməli, davranış qaydalarına əməl etməlisən. Bütün bunlar uzunmüddətli uğur üçün zəruridir”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...