Tarix: 06.08.2024 / 13:02
Azərbaycanı öyrənən diaspor gəncləri:  Vətəni tanıda biləcəklərmi?

Azərbaycanı öyrənən diaspor gəncləri: Vətəni tanıda biləcəklərmi?

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu təqdirəlayiq bir layihə həyata keçirir. Artıq beşinci dəfədir təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsində məqsəd xaricdə yaşayan gənc soydaşlarımıza Vətəni yaxından tanıtmaq, onları tariximiz və mədəniyyətimiz barədə məlumatlandırmaq, ölkəsinə və xalqına bağlı ictimai xadimlər, diaspor fəalları yetişdirməkdir.

Qeyd edək ki, diaspor gəncləri üçün yay düşərgələri artıq dünyada geniş yayılmış effektiv bir təcrübədir. Bu cür layihələr bir çox ölkənin diaspor işinə məsul qurumları tərəfindən mütəmadi həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsi Vətəni xaricdəki gənclərimizə yaxından tanıtmaqdan ötrü düşərgəni ölkənin müxtəlif guşələrində təşkil edir. Böyük azərbaycanlı, mərhum Xudu Məmmədovun məşhur deyimini xatırlamaq yerinə düşərdi: “Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər”.



Xaricdəki gənclik hər il Komitə tərəfindən Vətənin əsrarəngiz təbiətə və təbii ehtiyatlara malik, özünəməxsus koloriti, entoqrafik mədəni mühiti olan bölgələrini gəzib tanıdıqca, ölkələrini yaxından tanıyır, sevirlər. Bu layihə onlardakı Vətən sevgisini daha da alvolandırır. Sözügedən düşərgə çərçivəsində xaricdəki gənclərimizin vətənpərvərlik hissinin gücləndirilməsi üçün respublikamızla bağlı müxtəlif layihələr təşkil edilir və onlar da həmin layihələrdə həvəslə və fəal şəkildə iştirak edirlər. Eyni zamanda, layihə çərçivəsində tariximiz, adət-ənənələrimiz, mədəniyyət abidələrimiz və nümunələrimiz barədə dolğun məlumatlar verilir.

Diaspor gəncləri həmçinin, Azərbaycanda gedən proseslərlə yaxından tanış olurlar. Bu, dövlətimizin zorən cəlb olunduğu informasiya müharibəsində haqq mübarizəsi apardığı bir vaxtda çox zəruridir. Ana Vətənində gedən proseslər barədə məlumatlı olan gənclik yaşadıqları ölkənin mediasında ölkəmiz əleyhinə dərc olunan materialların böhtan olduğunu artıq anlayacaq, fürsət düşdükcə, cavab verməyə çalışacaq.



Alqışlanası bir layihə də onların yay düşərgəsi ərzində şəhid ailələrinin üzvləri, qazilər, xüsusən də Şuşa fatehləri ilə görüşlərinin təşkilidir. Bu görüşlərdə onlar 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızın hansı itikilər hesabına, necə qəhrəmanlar sayəsində azad olunduğunu öyrənirlər.

Eyni zamanda, gənclərin Şuşa şəhərində, həmçinin işğaldan azad edilən digər şəhər və kəndlərimizə də səfərləri təşkil olunur. Gənc soydaşlarımız həm Vətənin işqalda qalmış və azad olunmuş bölgələrini yaxından tanıyır, həm də özlərini dünyaya əzabkeş, incidilmiş kimi təqdim edən mənfur erməni daşnaklarının 30 illər ərzində Vətənimizi necə talan etdiklərini, viran qoyduqlarını öz gözləri ilə görürlər.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bu il Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində də maraqlı və diqqəti çəkən fikirlər səsləndirib.

“Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır”, - deyən Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, gənclərimizin aralarında ingilis dilində yox, öz dilində danışmaqları yaxşı olardı.



Xanım Fərəh Əliyeva diqqəti Azərbaycan xalqı üçün çox vacib olan taleyüklü məsələyə çəkib. Xaricdə böyüyən azərbaycanlılar istər-istəməz yaşadığı xarici toplumun təsiri ilə öz dilini unuda, yaxud yaxşı bilməyə bilər. Diaspor gəncliyini bu təhlükədən sovuşdurmaqdan ötrü xaricdəki Azərbaycan dili kurslarının təşkili öz yerində, həmçinin yay düşərgələrində də bu məsələnin diqqətə saxlanılması təqdirəlayiqdir.

Kiçik bir haşiyə çıxaraq qeyd edək ki, qonşu ölkələrdə belə düşərgələr çərçivəsində Ana dilini bilməyən, yaxud zəif bilən yeniyetmə və gənclər üçün sürətləndirilmiş, qısa kurslar keçirilir. Hətta onların doğma dilini yaxşı mənimsəməsi üçün yerli ailələrdə yaşamaları, müxtəlif işlərdə çalışması təmin olunur.

Diasporla iş tarixinin bəyənilən layihələrindən olan yay düşərgələrinin keçirilməsi bu sahədə inkişafa olan inamımızı daha da artırır və Diaspora.TV olaraq belə vacib təşəbbüslərə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...