Tarix: 17.06.2024 / 09:29

Azərbaycanı futbolda "nömrə bir" edəcəyik -məşqçi

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Estoniyada yaşayan soydaşımız, “Viimsi FC Karabakh”ın idman direktoru Elnur Vəliyev olub.

E.Vəliyev müsahibə zamanı Estoniyadakı fəaliyyətindən bəhs edib, “Viimsi FC Karabakh”ın idman direktoru vəzifəsini icra etməzdən əvvəl “Qarabağ” mini-futbol komandasının sabiq rəhbəri vəzifəsində çalışdığını bildirib:

“Artıq 2 ilə yaxındır Estoniyada yaşayıram. Bundan əvvəlki fəaliyyətim Moskvada idi, orda 2008-2010-cu il təvəllüdlü yeniyetmələrə məşqlər keçirdim. Bu ilin yanvar ayında “Viimsi FC Karabakh”dan təklif gəldi və dəyərləndirdim”.

E.Vəliyev qeyd edib ki, “Viimsi FC Karabakh” dəfələrlə Estoniya çempionu olub və Çempionlar Liqasında çıxış edib:

“Qərib ölkədə Azərbaycanı təmsil etmək çox qürurvericidir. Bir komanda rəhbəri və məşqçi kimi çalışıram ki, futbol üzrə Azərbaycanın adını dünyaya çatdıra bilək”.

Soydaşımızın sözlərinə görə, Estoniyadakı Qarabağ futbol komandasının fəaliyyətinə Estoniyadakı iş adamları dəstək olurlar:

“Ümid edirik ki, gələn mövsümdə də bizə dəstəklər veriləcək. Sentyabr-oktyabr aylarında yeni mövsüm başlayacaq. İnanırıq ki, soydaşlarımız oyunlarımıza baxmağa gələcək və tribunalarda bizə dəstək olacaqlar”.

Məşqçi iddia edib ki, “Viimsi FC Karabakh” Estoniyada Azərbaycanın bir nömrəli futbol komandası olacaq:

“Hazırda Azərbaycanın Qarabağ Futbol Klubu ilə münasibətlərimiz yoxdur, əlaqələr qura bilməmişik. Azərbaycanda düşərgələr təşkil etmək və komandaları tanış etmək istəyirik. Hətta transferlər də etməyi düşünürük. Çünki yerli futbolçularla çempion olmaq çətindir. Azərbaycandan məşqçi gətirmək üçün də danışıqlar aparırıq. Maliyyə dəstəyimiz olsa, ölkəni Çempionlar Liqasında təmsil edərik. Bununla bərabər uşaqlar üçün məktəb açmaq istəyirik. Təkcə azərbaycanlılar deyil, həm də eston uşaqları da istəyir ki, klubumuzda oynasınlar”.

E.Vəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin də onlara dəstək verdiyini bildirib:

“Komitəyə və Diaspora Dəstək Fonduna müraciət etdik, turnirin xərclərini qarşıladılar. Ümid edirik ki, bu dəstək davamlı olacaq və Azərbaycanın adını futbolda da zirvələrə qaldıra biləcəyik”.

Şərhlər

Yaz...