Tarix: 29.08.2024 / 20:45
 Azərbaycandan xaricə müəllimlər göndərilə bilər    – Təhsil eksperti

Azərbaycandan xaricə müəllimlər göndərilə bilər – Təhsil eksperti

“Harada ki, Azərbaycan vətəndaşları kütləvi şəkildə yaşayırlar və həmin məktəblərin fəaliyyətə başlaması ilə bağlı kadr çatışmazlığı var, hesab edirəm bu istiqamətdə kadr potensialını təmin etmək üçün Azərbaycandan xaricə müəllimlər göndərilə bilər”.

Bunu Diaspora.TV-yə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan məktəblərində kadr çatışmazlığı problemi var:

“Bundan əlavə fənləri tədris edəcək müəllim heyəti yoxdur. Düşünürəm ki, bunu dövlət öz üzərinə götürə bilər. Azərbaycandan kənarda yaşayan hər bir Azərbaycan övladı öz vətənini, tarixini, Ana dilini, ədəbiyyatını az da olsa bilməlidir. Azərbaycan ailələrinin yaxşı dəyərləri var ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar öz xalqının dilinə, torpağına bağlıdır. Bu bağlılığı öldürmək olmaz. Bu bağlılığı yaşatmaq olduqca önəmlidir”.

İ.Orucov əlavə edib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun çox böyük zəhməti və diqqəti var:

“Xaricdə yaşayan övladlarımızı itirməmək, onları azərbaycançılıq ruhunda böyütmək üçün məktəblərin böyük əhəmiyyəti var. Bu baxımdan hesab edirəm ki, xaricdə olan Azərbaycan məktəblərinin fəaliyyəti genişlənməlidir. Onların hər birinin fəaliyyəti bu istiqamətdə təşviq edilməlidir. Hesab edirəm ki, ondan sonra da işlər uğurla davam etməlidir”.

İ.Orucov vurğulayıb ki, qısa müddətdə görülən işlərin nəticəsi ortadadır:

“İllərlə formalaşmış erməni diasporu bu gün Azərbaycan diaspor təşkilatları qarşısında həqiqətən də ciddi fəaliyyət göstərə bilmir. Çünki onlar üçün sipər olan xarici ölkələrdə mütəşəkkil diasporamız var. Bu diasporda cəmləşən insanların övladlarının Azərbaycandan uzaqlaşmaması, milli ruhda tərbiyyə olunması baxımından hesab edirəm ki, təşviq məsələləri önəm daşımalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...