Tarix: 21.05.2024 / 08:00
Rus dilində kitablara ehtiyac var -  Diaspor fəalı

Rus dilində kitablara ehtiyac var - Diaspor fəalı

“Azərbaycan həqiqətlərini, zəngin tarixini, mədəniyyətini yerli ictimaiyyətə çatdırmaq xaricdə yaşayan hər bir azərbaycanlının borcudur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Rusiya Azərbaycanlı Gənclər Birliyi” Həştərxan Regional bölməsinin sədri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, bu proses üçün əlverişli və münasib olan Azərbaycana dair mədəniyyət və tarixi günlərin qeyd olunmasıdır:

“Azərbaycan diaspor nümayəndəsi olaraq, tez-tez belə tədbirlər keçiririk. Bundan başqa, digər etnik icmalardan da dəvətlər alır və həmin tədbirlərdə xalqımızı təmsil edirik. Biz gənc nəsildə tarixi vətənimizə məhəbbət aşılamağa, dilimizi, adət-ənənəmizi, eyni zamanda etnik birliyimizi qoruyub saxlamaq üçün birlikdə vaxt keçirməyə çalışırıq. Təbii ki, biz tarixi vətənimizin mövqeyini müdafiə edirik və onun uğurlarına sevinirik”.

E.Hüseynov qeyd edib ki, diaspor fəaliyyətində qarşılaşdığımız əsas problem Azərbaycanın tarixindən, mədəniyyətindən və müasir nailiyyətlərindən bəhs edən rus dilində müvafiq kitabların və çap məhsullarının olmamasıdır:

“Hər bir diaspor öz tarixi vətəninin kitablarını çap etdirə, milli geyimlərini, musiqi alətlərini, atributlarını əldə edə bilmir. Hesab edirəm ki, hər bir diaspor təşkilatına bu vəsaitlərin ayrılmasına ehtiyacı var”.

E.Hüseynov əlavə edib ki, Rusiya Federasiyasında coğrafi, tarixi, iqtisadi və siyasi amillərə görə, Azərbaycan haqqında az-çox eşidirlər:

“Eyni zamanda Rusiyadakı azərbaycanlılar yerli xalqlardan biri hesab olunur. Xalqımızın nümayəndələri Rusiya dövlətçiliyinin inkişafına mühüm töhfələr veriblər. Heydər Əliyev, Fərman Salmanov, İqor Aşurbəyli, Sabit Orucov və digərləri bir çox rusiyalıya yaxından tanışdır. Bundan başqa, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində bütün Rusiyada, o cümlədən Həştərxanda ikitərəfli əlaqələri və Azərbaycanın nüfuzunu dərinləşdirən bir çox layihələr həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası Rusiyada yaşayan azərbaycanlıları sevindirir. Biz fəxr edirik ki, Rusiya və Azərbaycan prezidentləri arasında çox etibarlı münasibətlər mövcuddur və bunu İlham Əliyevin Rusiyaya səfərinin nəticələri bir daha sübut etdi. Hesab edirəm ki, Rusiyada yaşayan hər bir azərbaycanlı bu prosesə öz şəxsi töhfəsini verərək əlaqələri möhkəmləndirməli, onları dəyərləndirməlidir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...