Tarix: 20.07.2024 / 09:14
Azərbaycanda bu proses hələ də gecikir   - Rejissor

Azərbaycanda bu proses hələ də gecikir - Rejissor

“Dünyada kino artıq daha çox kommersiya xarakteri daşımağa başlayıb. Hər bir istehsalçı öz məhsulunu dünya bazarına çıxarmağa çalışır. Amma buna nail olmaq elə də asan məsələ deyil”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında prodüser, rejissor Fehruz Şamıyev deyib. Onun sözlərinə görə, dünyada daha çox Amerika- Hollivud filmləri satılmaqdadır:

“Bu “işğalın” qarşısını almaq üçün hər bir ölkə özlüyündə müəyyən müdafiə proqramları hazırlayırlar. Bu məsələ hələ 80-ci illərin sonlarından Avropada başlamışdı. O illərdə Hollivud filmlərinin Avropa kinoteatrlarını işğalının qarşısını almaq üçün müxtəlif filmlər istehsal edilməyə başladı. Bundan başqa inkişaf etmiş ölkələrdə qanunvericilikdə müəyyən dəyişiklər edilməyə, xarici filmlərə qarşı qadağalar qoyulmağa başladı. Bütün bunlar həmin ölkələrin kino istehsalçılarına dəstək addımları idi. Məhz bu islahatların, atılan addımların sayəsində yerli kino bazarı müəyən qədər dirəlməyə başladı”.

O, təəssüf hissi ilə Azərbaycanda bu prosesin hələ də gecikdiyini qeyd edib:

“Yerli film istehsalçıları üçün dəstək proqramları tam şəkildə işlənib hazırlanmayıb. Son 5 ildə ölkəmizdə dövlət tərəfindən film istehsalı demək olar ki, özünün durğunluq dövrünü yaşayıb. Amma bununla belə özəl şirkətlər tərəfindən istehsal dayanmadı və hətta xarici festivallara çıxmaq üçün müstəqil şirkətlər istehsala başladılar. Bu proses az-çox öz bəhrəsini verdi və baş verənləri analiz etsək görərik ki, son 5 ildə özəl şirkətlər tərəfindən istehsal olunan filmərimiz beynəlxalq festivallara daha çox çıxıblar”.

F.Şamıyev hesab edir ki, Azərbaycan tamaşaçı baxımından elə də böyük saya malik deyil:

“Bu baxımdan da bizim müştərək filmlərə üstünlük verməyimiz daha məntiqlidir. Biz bu müştərək layihələrlə ölkədən kənarda, başqa ölkənin tamaşaçısına da ərsəyə gələn məhsulu təqdim edə bilərik. Amma məsələnin digər vacib tərəfi budur ki, Azərbaycan tamaşaçısı kinoteatrlardan bir az uzaqlaşıb. Onların kinoteatra cəlb olunması üçün analizlər, sorğular aparılmalı və bunun nəticəsində istiqamətlər təyin olunmalıdır”.

O, əlavə edib ki, son 5 ildə daha çox müstəqil şirkətlərin istehsal etdiyi filmlər beynəlxalq festivallara yol tapıb:

“Azərbaycan kino tarixində ilk dəfə olaraq Venesiya, Busan, Tokio festivallarının əsas müsabiqə proqramlarında filmlərimiz yarışıb. Bu çox böyük hadisədir. Bu prosesə dövlət dəstəyi də artıq başlayıb. Kino istehsalına dəstək, ssenari müsabiqələrinə bu qəbildən olan dəstək proqramları hesab etmək olar. Amma nəzərə almaq lazımdır ki, beynəlxalq müsabiqələrə çıxış yolu həm istedad, həm yaxşı əlaqələr, həm də müştərək istehsal tələb edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...