Almaniyanın Münhen şəhərində iş adamı və diaspor fəalı Emin Səlimovun təşəbbüsü və Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.
Diaspora.TV xəbər verir ki, tədbirdə Münhendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatdan öncə tamaşaçılarla görüşən rejissor R. Əsədov Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgə yaşayışın əhəmiyyətindən danşıb. O, izləyicilərə təqdim olunan filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.
Rejissor bildirib ki, sözügedən ekran əsəri dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edir.
Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqla qarşılanıb.