Tarix: 18.07.2024 / 15:44
Azərbaycan-Ukrayna:  Yaxın olanı niyə uzaqlaşdırırıq?

Azərbaycan-Ukrayna: Yaxın olanı niyə uzaqlaşdırırıq?

11 iyul tarixində caliber.az xəbər saytı Murad Əbiyevin “Səhv ünvanlı gileylər: Azərbaycan – Ukrayna münasibətlərinə dair bir neçə söz” sərövhəli yazısını (https://caliber.az/post/253654/) dərc edib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu istər sözügedən media qurumuna, istərsə də bütövlükdə söz azadlığı və fikir müxtəlifliyinə hörmətlə yanaşır və bununla bərabər, Ukraynada fəaliyyət göstərən və yarandığı gündən indiyədək ölkələrimiz arasında münasibətlərin inkişafı üçün külüng vuran diaspor təşkilatı olaraq adıçəkilən yazıya dair mövqeyimizi açıqlamağı zəruri bildik. Lakin caliber.az saytının rəhbərliyi bizim üçün müəmmalı olan səbəblərdən yazılarına cavabımızı dərc etmək istəmədi. Ona görə də belə bir vəziyyətdə Diaspora.TV vasitəsilə həmin cavabımızı ictimaiyyətə çatdırırıq.

Əlbəttə, caliber.az saytındakı həmin yazının müəllifin şəxsi fikirlərini əks etdirdiyini, rəhbərliyin mövqeyinə, ələlxüsus da ölkə ictimaiyyətinin rəyinə uyğun gəlmədiyini biz də dərk edirik. Rəsmi Bakı Ukrayna dövlətinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə açıq və səhih şəkildə ifadə edib. Buna görə də, habelə Azərbaycanın artıq iki il yarıma yaxındır Rusiyanın hərbi işğalçılıq siyasətinə tuş gəlmiş bu ölkəyə mütəmadi olaraq göndərdiyi humanitar yardımlara görə prezident Volodımır Zelenski və başqa rəsmiləri Azərbaycana minnətdarlıq ediblər.

Belə ki, Azərbaycan xalqı qonşu dövlət tərəfindən işğalçılığa məruz qalmağın nə demək olduğunu yaxşı bilir. Otuz ilə yaxın bir müddət ərzində ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal altında qalıb. Müharibənin dəhşətlərini yaşamış ukraynalıların dərdini Azərbaycan xalqı çoxlarından yaxşı başa düşür, Ukraynada Buça soyqırımı qədər Azərbaycanda Xocalı soyqırımı sağalmaz yara olaraq xalqın qəlbini dağlayır. Ermənistan işğalçılarının Ağdamı yerlə yeksan etdikləri kimi Rusiya işğalçıları da Ukraynanın bir çox şəhər və kəndlərini yer üzündən silirlər. Onlar Kiyev, Xarkiv, Dnipro, Odesa kimi böyük şəhərlərə mütəmadi olaraq raket zərbələri endirirlər. Necə ki, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan ordusu Gəncə, Tərtər, Bərdə, Mingəçevir kimi dinc şəhərləri atəşə tutub. Bütün bunlar haqqında Ukraynanın nüfuzlu KİV-lərində 44 günlük müharibə zamanı və sonrakı dövrdə xeyli söz açılıb, yazılıb. Ukrayna telekanallarında çıxış edənlər arasında caliber.az saytının əməkdaşı Bəhram Batıyev də, Azərbaycanın həmin ölkədə o zamankı səfiri də olub. Mən də Ukrayna televiziyalarında çıxış edərək Azərbaycanın haqlı mövqeyini bu ölkənin ictimaiyyətinə çatdırmışam.
Təəssüf ki, bütün bunlar barədə M.Əbiyevin yazısında bir kəlmə belə yoxdur. Əksinə, həmin yazıda belə bir iddia irəli sürülür: “Suveren torpaqlarımız Ermənistan tərəfindən işğal altında qalarkən Ukrayna əməli cəhətdən Azərbaycana dəstək göstərmək üçün heç bir iş görməyib”.

Ümidvaram ki, cənab Əbiyev məsələni ətraflı araşdırmadığı üçün belə bir qənaətə gəlib. Ona görə də UABD oxucularımıza, habelə şəxsən cənab Əbiyevin nəzərinə bəzi faktları çatdırmağı özünə borc bilir.

Əvvəla, əslən Ukraynanın Xarkiv vilayəti Zmiyev şəhərindən olan Ruslan Polovinka Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Belə ki, Qubadlı, Laçın, Ağdərə uğrunda döyüşlərdə fərqlənmiş Ruslan 1992-ci ilin 6 avqust tarixində mühasirəyə düşmüş hərbçilərimizi xilas etmək üçün keçirilən əməliyyat zamanı qəhrəmanlıqla həlak olub. Hazırda caliber.az saytının əməkdaşı olan Zaur Nurməmmədov 2014-cü ildə Ruslan Polovinkanın ailəsilə əlaqə yaratmağa müvəffəq olaraq onlara “Qızıl Ulduz” medalının çatdırılmasına dəstək olub.

Həmçinin erməni yaraqlıları ilə qarşıdurma zamanı həlak olmuş ukraynalı Oleg Babak SSRİ-nin qəhrəmanı adına layiq görülmüş son şəxsdir. Rusiyanın işğalçılıq müharibəsinə başladığı günədək Xarkiv şəhərində yaşamış Azərbaycanın Milli Qəhrəmanı Viktor Sereginin ailəsi artıq Bakıya köçüb.

Xocalı soyqırımına ilk şahid olanlardan ukraynalı pilot Leonid Kravets iki il bundan əvvəl düynasını dəyişib. Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüş L.Kravetsin Xocalı dəhşətlərinin kadrlara köçürülməsində, sağ qalmış soydaşlarımızın təxliyəsində, Azərbaycan – Ermənistan münaqişəsinin həqiqətlərini dünyaya çatdırılmasında müstəsna xidmətləri olub. Birinci Qarabağ müharibəsi dövrünə aid olan bu və başqa faktlardan gördüyümüz kimi, “Suveren torpaqlarımız Ermənistan tərəfindən işğal altında qalarkən Ukrayna əməli cəhətdən Azərbaycana dəstək göstərmək üçün heç bir iş görməyib” iddiası əsassızdır.

İndi isə daha yaxın keçmişə nəzər salaq. Məsələn, 2020-ci ilin 13 iyul tarixində Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan – Ermənistan sərhədində gərginliyin artmasından, nəticədə əvvəlki gün Tovuz istiqamətində artilleriya döyüşlərinin aparılmasından narahatlıq ifadə edib (https://mfa.gov.ua/en/news/foreign-ministry-spokespersons-reply-media-questions-regarding-artillery-shelling-tovuz-district). Əlamətdar haldır ki, həmin bəyanatda Ukrayna Azərbaycanın beybəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli məlum qətnamələrinə uyğun məsələnin siyasi həllinə tərəfdar çıxıb.


2020-ci ilin 17 oktyabr tarixində Ukraynanın Azərbaycandakı səfirliyi Gəncə şəhərinin növbəti dəfə artilleriya atəşinə tutulmasını, nəticədə dinc sakinlərin həlak olmasını, evlərin dağılmasını sərt şəkildə pisləyərək həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə şəfa tapmalarını diləyib (https://www.facebook.com/photo/?fbid=2680682558839245&set=a.1489425884631591).

Müharibə zamanı Ukrayna Ali Radasının (parlamentinin) millət vəkilləri, o cümlədən iqtidardakı Xalqın Xidmətçisi Partiyasının nümayəndələri də susmurdular. Millət vəkilləri Ludmila Marçenko və Maryan Zablotskinin Azərbaycanı dəstəkləyən çıxışları həm Ukraynanın, həm də Azərbaycanın bir çox media qurumu tərəfindən dərc olunub. Habelə iqtidar partiyasından olan millət vəkilləri Valeri Koliuh və Volodımır Kreydenko Azərbaycanla parlamentlərarası işçi qrupunun həmsədrləri olaraq Milli Məclisə göndərdikləri məktubda Gəncəyə raket hücumlarından dərin narahatlıqlarını ifadə edir, Ermənistanın beynəlxalq hüquq normalarını kobud pozmasını qətiyyətlə pisləyiblər.

44 günlük Vətən Müharibəsində qələbəmizdən sonra da Xalqın Xidmətçisi Partiyasından olan bir qrup ukraynalı millət vəkilləri Gəncəyə, habelə azad olunmuş torpaqlarımıza səfər edib. Mən şəxsən onları müşayiət edirdim. Həmin səfərin yekununda Ukrayna parlamentinin deputatlarının verdiyi birgə bəyanatda Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması sərt şəkildə pislənir (https://report.az/xarici-siyaset/ukraynali-deputatlar-azad-olunmus-erazilere-seferlerine-dair-beyanat-yayiblar/).

Həmçinin 2021-ci ilin iyun ayında Azərbaycan jurnalistləri Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olduqdan dərhal sonra ukraynalı millət vəkilləri L.Marçenko və M.Zablotski beynəlxalq təşkilatları mina sahələrinin xəritələrini Azərbaycana təhvil vermələri üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.

Bəli, əfsuslar olsun ki, bunların heç biri M.Əbiyevin məlum yazısında əksini tapmayıb. Əvəzində müəllif AŞPA-dakı ukraynalı deputatların “bir çox hallarda, məsələn 2017-ci ildə” Azərbaycana qarşı yönələn qətnamələrin lehinə səs vermələrini qeyd edir. Burada jurnalist ya açıq manipulyasiyaya yol verir, ya da mövcud faktların üzərindən sükutla keçməyə üstünlük verir. Çünki AŞPA-da Azərbaycan əleyhinə olan sənədlərə səs verən ukraynalı deputatların hamısı müxalifət nümayəndələri idi. Yəni bunu Ukrayna dövlətinin mövqeyi kimi qələmə vermək tamamilə yersizdir.

İnanırıq ki, gələcəkdə Ukrayna – Azərbaycan münasibətləri haqqında Azərbaycan mediası material hazırlayan zaman bu kimi faktları da nəzərə alacaq. Eyni zamanda həmvətənlərimiz hazırda Ukraynanın ən ağır dövrünü yaşadığını da anlayışla qarşılayacaqlar. Bu gün Ukraynada İkinci dünya müharibəsindən sonrakı dövrdə ən qanlı-qadalı müharibə gedir, bu ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda çoxlu sayda soydaşlarımız vuruşur. Ukraynalı həmvətənlərilə çiyin-çiyinə döyüşə atılan bu oğullar arasında şəhid düşənlər də az deyil. Və əlbəttə ki, yaxın gələcəkdə haqq-ədalətin yerini tapacağına, Ukrayna torpaqlarının azad olunacağına da sidqi-ürəkdən inanırıq. Daha əvvəl Azərbaycan vətəndaşları və ukraynanılar 44 günlük müharibədə qələbəmizə necə sevinirdilərsə, bu səfər Ukrayna vətəndaşları və azərbaycanlılar da o cür sevinəcəklər.

Hörmətlə,
UABD sədri
Hikmət Cavadov

Şərhlər

Yaz...