Tarix: 03.09.2024 / 08:08
 Azərbaycan səfirini görmədik ki, bizimlə görüşsün...   - Xalq artisti

Azərbaycan səfirini görmədik ki, bizimlə görüşsün... - Xalq artisti

“Xaricdə yaşayan soydaşlarımızla incəsənət nümayəndələri arasında əməkdaşlıq əsasən Mədəniyyət və İncəsənət Nazirliyi tərəfindən həyata keçirilir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib.

H.İsmayılovun sözlərinə görə, dəvətlər olan zaman xarici ölkələrə üz tutub, tamaşalarımızla Azərbaycanı tanıdırlar:

“Ötən il Qazaxıstanda V Gənclər Formunda iştirak etdik. Teatr Xadimləri İttifaqından 22 nəfər dəvət edilmişdi. Bir çox tamaşalara baxıldı və bizim Akademik Milli Dram Teatrı da “Sənsiz” tamaşasını qoydu. Orada Azərbaycan səfirini görmədik ki, bizimlə görüşsün, amma Qazaxıstanın mədəniyyət naziri bizimlə yaxından maraqlandı. Hətta Rusiya, Türkmənistan, Özbəkistan, Qırğızıstan teatr nümayəndələri də gəlmişdilər. Bizdən gedənlər arasında rejissorlar, dramaturqlar və bir çox yaradıcı sahədə çalışan gənclər var idi. Onlar da çox aktiv iştirak etdilər. Ardınca da Özbəkistanda Mədəniyyət günləri keçirildi. O da çox yüksək səviyyədə təşkil olunmuşdu. Orada Azərbaycan-Özbəkistan mədəniyyət əlaqələri, qarşılıqlı inkişafı barədə maraqlı veriliş çəkildi və Özbəkistanda yayımlandı”.

Xalq artisti qeyd edib ki, diasporların mədəniyyət sahəsində gördükləri işlər, keçirtdikləri tədbirlər ürəkaçandır:

“Yaxşı olardı ki, Azərbaycan teatr nümayəndələri xaricdə tədbirlər keçirilən zaman diasporlarda onların arasında olsun. Bu yaxınlarda Akademik Milli Dram Teatrı Sankt-Peterburqa gedəcək, orada Hüseyn Cavidin “İblis” tamaşasını oynayacaqlar. Yəqin ki, həmin şəhərdə olan diaspor nümayəndələri, konsulluq, səfirlik gəlib maraqlansalar yaxşı olar. Çünki bizim mədəniyyətimiz çox zəngindir. Onu yaşatmaq, tanıtmaq lazımdır. Bu prosesdə də diasporun rolu böyük olmalıdır”.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Xanlar Məmmədov

Mədəniyyətimiz zəngin olsada pul ğözlərimizi baglayıb. Bizə mədəniyyətdən öncə pul lazımdır.

29.09.2024 / 07:22

Yaz...