Tarix: 15.08.2024 / 12:38
“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı"   - Müsabiqə

“Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı" - Müsabiqə

Bakı şəhərində “Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı" müsabiqəsinin nəticələri və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Diaspora.TV xəbər verir ki, müsabiqədə dünyanın müxtəlif ölkələrindən 250 xanım 600 obrazla iştirak edib.

Tədbirdə layihənin rəhbəri, Rusiyada “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin sədri Xatirə Qəmbərova çıxış edərək müsabiqə haqqında yekun hesabatı səsləndirib, qaliblərin siyahısını təqdim edib.

Layihədə təşkilati dəstək göstərən Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva çıxış edərək qalibləri təbrik edib.

Münsiflər heyətinin sədri, Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova telefon bağlantısı ilə tədbirə qoşularaq qalibləri təbrik edib və tədbirin uğurlu keçməsini arzulayıb.

Tədbirdə Münsiflər Heyətinin fəxri üzvü, pedaqogika elmləri doktoru Zəhra Muradova, şairə-publisist Güllü Eldar Tomarlı, dosent İlhamə Qəsəbova, şairə-publisist Nəsibə İsrafilqızı və digər xanımlar iştirak ediblər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan kəlağayı sənəti "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi ilə əlaqədar təşkil olunub.


Şərhlər

Yaz...