Tarix: 05.09.2024 / 19:00

Azərbaycan məktəbi aça bilmirik

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Vladimir Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi, bir çox dərs vəsaitlərinin müəllifi Telman Əliyev olub.

T.Əliyev müsahibədə Vətən müharibəsi və sonrakı dövrdə Vladimir vilayətində yaşayan azərbaycanlıların fəallığından söz açıb:

“44 Günlük Vətən savaşından əvvəl də soydaşlarımız çox fəal idi. Vacib günlərdə bir araya yığışıb, vətənimizi tanıdırdıq. Vladimir vilayətində ümumilikdə 2500-3000 azərbaycanlı yaşayır. Xüsusilə də 2020-ci ildən sonra onların fəallığını müşahidə etdik. Soydaşlarımız Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, 20 Yanvar, Xocalı faciəsi kimi əlamətdar günləri unutmur, unutdurmurlar”.

T.Əliyev qeyd edib ki, Rusiyada yaşayan həmvətənlilərimiz haqq səsini yerli cəmiyyətə yüksək səviyyədə çatdırırlar:

“Rusiyada kifayət qədər iş adamlarımız var, əksəriyyəti xeyriyyə işi ilə məşğul olurlar. Nəyinki azərbaycanlılara, hətta imkanı olmayan ruslara da ərzaqla, geyimlə bağlı dəstək olur, öz fəallıqlarını nümayiş etdirirlər”.

T.Əliyev gələcək planlarından da söz açıb:

“Azərbaycan evi və Azərbaycan məktəbi açmaq istəyirik. Bəzi azərbaycanlılar düşünür ki, bu yaşdan sonra məktəbə nə ehtiyac var? Çox istərdik ki, bu fikirdən daşınsınlar, ən azından yeni nəsil və yeniyetmələr üçün bir məktəb fəaliyyətə başlasa faydalı olardı”.


Şərhlər

Yaz...