Tarix: 09.10.2024 / 07:15
 Azərbaycan icması Niderland parlamentinə petisiya ilə    müraciət edib

Azərbaycan icması Niderland parlamentinə petisiya ilə müraciət edib

Bu gün Niderlandda yaşayan Azərbaycan icmasının nümayəndələri Niderland parlamentinə petisiya ilə müraciət edərək bir sıra deputatlarla görüşüb və həmin petisiyanı təqdim ediblər.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.

Petisiyada əsas mövzu ondan ibarət olub ki, Niderland dövləti, parlamenti və mediası keçmiş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi və Azərbaycan xalqına aid abidələrin dağıdılmasına qarşı daha obyektiv mövqe tutmalıdır.

Həmçinin, ermənilərin qeyri-qanuni tikililərini dünya ictimaiyyətinə erməni mədəniyyətinin məhv edilməsi kimi təqdim etməsinə etiraz bildirilib.

Petisiyada vurğulanıb ki, Niderlandda yaşayan 15 minlik Azərbaycan icması olaraq, parlament üzvlərindən xahiş və tələb edirik ki, petisiyada qeyd olunan bütün məsələlər nəzərə alınsın və orda göstərilən e-poçt ünvanı və telefon nömrəsinə cavab verilsin.

Bununla yanaşı, Azərbaycan icmasının ermənilərlə və ümumilikdə Azərbaycan xalqının qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istədiyi, heç bir münaqişə arzusunda olmadığı qeyd edilib. Parlament üzvlərinə bildirilib ki, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Azərbaycan mədəniyyətinə, tarixi abidələrinə və məscidlərinə qarşı törədilən dağıntılar və məhv edilmələr gözardı edilib. Eyni zamanda, Birinci Qarabağ müharibəsində 4.000-dən çox itkin düşmüş soydaşımızın taleyi ilə bağlı Ermənistan tərəfindən açıq-aşkar təxribatlar törədilsə də, buna ciddi reaksiya verilmir və tələb olunmur.

Petisiyanın sonunda qeyri-rəsmi müzakirələr və danışıqlar davam edib. DENK Partiyasının nümayəndəsi Dogukan Ergin bildirib ki, onlar hər zaman Azərbaycan xalqının yanında olub və Azərbaycan əsilli Niderland vətəndaşlarını hər zaman dəstəkləməyə hazırdırlar.

Qeyd edək ki, petisiyanın Niderland parlamentinə müraciəti həmyerlimiz Mayisə Ağamirzəyeva tərəfindən olunub.

Şərhlər

Yaz...