Tarix: 07.05.2024 / 16:50
Azərbaycan əsilli iş adamları dəstək verməsə ... - Rusiyada yaşayan müəllim

Azərbaycan əsilli iş adamları dəstək verməsə... - Rusiyada yaşayan müəllim

“Rusiyada diaspor fəaliyyətində azərbaycanlıların qarşılaşdığı bəzi problemlər var”.

Bu fikirləri Diaspora.TV -yə açıqlamasında Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının baş müəllimi, əvvəllər Ümumrusiya Azərbaycanlılar Konqresində təmsil olunan Musa Dadaşov deyib. Onun sözlərinə görə, azərbaycanlıların kifayət qədər Rusiyanın KİV-lərində təmsil olunmaması əsas problemlərdən biridir:

“Təbii ki, bu da bəzi problemlərin yaranmasına səbəb olur. Eyni zamanda bizim xaricdə yaşayan soydaşlarımıza qarşı yanlış sterotiplərin mövcudluğu da işlərimizdə çətinlik yaradır. Bəzən bunu aradan qaldırmağa daha çox zaman xərcləməli oluruq. Digər problem isə bir az qlobaldır. Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələri missiyamızın, eyni zamanda biz azərbaycanlıların Rusiya cəmiyyətində rolunun nədən ibarət olduğunu müəyyən etməyibər”.

M.Dadaşov qeyd edib ki, azərbaycanlıların mövcudluğu müxtəlif sahələrdə daha geniş olmalıdır:

“Misal üçün, elmi fəaliyyət, hüquq mühafizə orqanları, eyni zamanda sahibkarlıq sahəsində azərbaycanlıların mövcudluğu geniş olmalıdır. Düşünürəm ki, bu istiqamətdə soydaşlarımızın müsbət obrazı təbliğ olunmalıdır. Həmçinin, soydaşlarımızın nüfuzunun artması üçün istedadlı gənclərə Rusiyada yaşayan Azərbaycan əsilli iş adamları öz dəstəyini göstərməlidir. Çünki Rusiyada yaşayan iş adamlarının dəstəyi olmasa, Azərbaycan diasporunun nüfuzunu artırmaq çətin olacaq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...