Tarix: 02.07.2024 / 18:00
Azərbaycan diasporunun sayı   niyə mübahisəlidir?

Azərbaycan diasporunun sayı niyə mübahisəlidir?

Azərbaycan diasporunun parçalanmış xalqın mühacirəti əsasında formalaşması özü ilə başqa bir çətinlik də gətirmişdir. Bu da dünyanın hər yerinə səpələnmiş mühacirlərın sayı ilə bağlıdır. Bu gün dünyada nə qədər azərbaycanlının yaşaması, yəni Azərbaycan diasporunun da sayı məsələsi mübahisəlidir. Bunun da obyektiv səbəbi var.

Şimali Azərbaycandan çıxan mühacirləri məskunlaşdıqları ölkələrdə “rus” və ya “sovet vətəndaşı”, Cənubi Azərbaycandan olanları “iranlı”, bəzən hətta “fars”, Türkiyə mənşəliləri isə “türk” kimi qeydə alıblar. Amma burada bir məsələ dəqiqdir ki, hazırkı Azərbaycan diasporunun ən çoxsaylı hissəsini cənublu mühacir azərbaycanlılar təşkil edir. Bu da üç amillə bağlıdır. Birincisi, dünya üzrə ən çox azərbaycanlı İran ərazisində (Cənubi Azərbaycanda, habelə Tehranda və İranın digər şəhərlərində) yaşayır. Onların ümumi sayının 30 milyondan çox olduğu ehtimal edilir. Məsələyə sadə arifmetik hesablama əsasında yanaşanda da görünür ki, Cənubi Azərbaycanın xaricə mühacir “ixrac etmək” üçün demoqrafik potensialı daha böyükdür. İkincisi, cənubi azərbaycanlıların Avropa və Amerika qitələrinə mühacirət etmək imkanları şimallılardan xeyli əvvəl və daha geniş olub. Üçüncü səbəb İranda, o cümlədən Cənubi Azərbaycanda baş verən ictimai-siyasi və sosial iqtisadi proseslərin spesifikasında və mahiyyətində gizlənir. Bunlar SSRİ (Şimali Azərbaycan) və Türkiyədəki azərbaycanlıların həyatında baş vermiş ictimai-tarixi proseslərdən tamamilə fərqli proseslər idi.

Beləliklə, hazırda Azərbaycan diasporunun, o cümlədən mühacirətə gedən cənublu azərbaycanlıların dəqiq sayı barədə yuxarıda göstərilən səbəblər üzündən konkret söz demək olmur.

Diasporun coğrafiyasına gəlincə isə o, kifayət qədər genişdir - ABŞ və Kanadadan, Avstraliya və Yeni Zelandiyadan Hindistana, Avropa ölkələrindən Asiya qitəsinə qədər uzanır.

Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr boyunca bir neçə mühacirət dalğası nəticəsində təşəkkül tapmış Cənubi Azərbaycan diasporunun heç bir diasporda rastlaşmayan spesifik xüsusiyyətləri vardır. Bu spesifika: a) azərbaycanlı mentalitetilə; b) vətənin parçalanmış vəziyyətindən yaranan özünəməxsusluqlar; c) Qərb sivilizasiyasına inteqrasiya yolunu seçmiş azərbaycanlıların Qərb-Şərq fərqlərindən törəyən təzadların təsirlərinə məruz qalmaları ilə şərtlənir.

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların sosial-mədəni oriyentasiyası, milli şüur səviyyəsi və iqtisadi durumu arasında ciddi fərqlər var. Onların yaşadıqları ölkələrin sosial, mədəni və iqtisadi şərtlərinin də göstərdiyi təsir özünü sonda diaspora qruplarının ictimai fəaliyyətində bu və ya digər dərəcədə büruzə verir.

Müasir Cənubi Azərbaycan diasporu yetərincə böyük və mürəkkəb bir etno-siyasi və sosial-mədəni təsisatdır. Burada Lütfizadə kimi dünya miqyaslı elm xadiminin, Həsən Şəriətmədari, Rza Urmulu kimi transmilli iqtisadiyyat təmsilçilərinin, İbrahim Əhrari, Əkbər Behkəlam, Yaqub Zürufçu kimi mədəniyyət və incəsənət xadimlərinin mənsub olduğu sosial təbəqələrdən tutmuş savadsız işçi miqrantlara qədər ən müxtəlif yarımqruplar müvafiq ardıcıllıqla sıralanır. Həm bu sosial qruplaşmanın doğurduğu fərqləri, həm azərbaycanlıların mədəniyyət və təhsil səviyyəsində İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi fərqləri, həm də hazırda yaşadıqları ölkələrin fərqli mühitlərinin təsirini nəzərə alaraq onların təşkilatlanmasını nəzərdən keçirək. Sadalanan amillərin təşkilatlanma prosesinə təsiri əhəmiyyətlidir.

Yeganə Hacıyeva
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər

Yaz...