Tarix: 07.11.2024 / 10:04

Azərbaycan diasporunun fəaliyyəti qənaətbəxş deyil – Sədr

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətin sədri Naib Paşayev olub.

N.Paşayev Leninqrad vilayətində Azərbaycan diasporunun mövcud vəziyyəti, keçirdikləri layihə və tədbirlər, cəmiyyətin gələcək planlarından söz açıb.

O bildirib ki, hazırda Azərbaycan diasporunun fəaliyyəti qənaətbəxş deyil:

“Xüsusilə də gəncləri diaspora, birliyə cəlb etmək lazımdır. Gələcəkdə yeni nəsil də Azərbaycanın tanıdılması üçün çalışmalıdır. Biz artıq gəncləri tədbirlərdə bir araya toplamağa başlamışıq. Dəvəti qəbul edib, könüldən iştirak edirlər”.

Cəmiyyət sədri qeyd edib ki, Rusiyada vətənimizin əlamətdar günlərində yüksək səviyyədə tədbirlər keçirilir:

“Məsələn Könül Abbasovanın “Kəlağayı ismətimdir” layihəsi və eləcə də Qərbi azərbaycanlıların qayıdış məsələsi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə də işlər görülür”.

Rusiyada miqrantlara qarşı tətbiq olunan qadağaların azərbaycanlılara təsirindən danışan N.Paşayev soydaşlarımıza hüquqi məsələlərdə dəstək olduqlarını bildirib:

“Müraciət edəndə və yaxud da bizim informasiyamız olanda həmin şəxslərə kömək edirik. Lakin bu da qanun çərçivəsində reallaşdırılır. Yəni, bacardığımızı edirik, imkanlarımız və əlaqələrimiz çatan qədər dəstək olmağa çalışırıq”.



Şərhlər

Yaz...