Tarix: 03.05.2024 / 09:00
Azərbaycan diasporunda  etnik birgəyaşayış...

Azərbaycan diasporunda etnik birgəyaşayış...

Polietnik struktura malik olan Azərbaycan Respublikasında əhalinin 8 faizdən çoxunu milli və etnik azlıqlar təşkil edir. Bəzi məlumatlara görə, ölkəmizdə 100-dən artıq xalqın nümayəndəsi yaşayır. Milli və etnik qrupların nümayəndələri özlərini ümumilikdə azərbaycanlı saysalar da, həmin xalqların spesifik mədəniyyətləri var. Azərbaycan dövlətinin yaratdığı şərait sayəsində milli, etnik və dini azlıqlar mədəni dəyərlərini qoruyub saxlayırlar. Bu mədəniyyət onların məişətində, məşğul olduqları sənətkarlıq nümunələrində və müxtəlif mərasimlərdə yaşadılır.

Azərbaycanda müxtəlif milli, etnik və dini qruplar tarixən mövcud olmuş tolerantlıq və birgəyaşayış ənənələri üzərində qurulmuş münasibətlər əsasında mövcudluqlarını qoruyub saxlayırlar. Əslində bu mədəni dəyərlər birləşərək ümumi Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsinə, dayanıqlı komponentinə çevrilib, böyük bir mədəniyyət yaranıb.

Konstitusiyamız mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Daşnak şovinizminin təsiri ilə yaşadıqları ölkəyə xəyanət edən ermənilər istisna olmaqla, Azərbaycanda yaşayan bütün xalqlar yüz illərdir dinc və harmoniya şəraitində yaşayırlar. Bu xalqlar tarixin sınağından dəfələrlə çıxaraq ən həssas anlarda, gərgin vaxtlarda belə, təmkinlərini qoruyub saxlayaraq Vahid Vətənin mənafeləri naminə mübarizə aparmış, ölkəyə gözlənilən təhdidlərə qarşı eyni cəbhədə yer almışlar. Yaxın tarixdə imperialist dövlətlərin xüsusi xidmətlərinin törətdiyi təxribatların, etnik təfriqə yaratmaq cəhdlərinin iflasa uğraması dediklərimizə bariz sübutdur. Etnik və dini azlıqların nümayəndələrinin 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda verməsi onların Azərbaycanı özlərinin vahid Vətəni saydığına ən böyük misaldır. Bu faktlar ölkəmizdə etnik nifaq toxumu səpmənin mümkünsüz olduğunu göstərir.

Azərbaycan daxilindəki etnik və dini rəngarənglik diasporumuzda da özünü büruzə verir. Ölkədəki etnik birgəyaşayış ənənələri, qarşılıqlı hörmətə əsaslanan yüksək mədəni tərbiyə xaricdəki soydaşlarımız arasında da qorunub saxlanılır. Xaricdə də mühacir həyatı yaşayan azərbaycanlılar respublikada olduğu kimi, etnik mənsubiyyətindən asılı olmayaraq, mehriban şəraitdə yaşayır, qədim və zəngin mədəniyyətin ənənələrini qarşılıqlı hörmət əsasında yaşadır, təbliğ edirlər.

Azərbaycan xalqını xaricdə təmsil edən mühacir təşkilatlarını da klassik, uzun tarixi olan diaspor qurumlarından fərqləndirən də rəngarəng etnik mədəniyyət nümayəndələrinin bir amal ətrafında birləşməsidir.

Amma bir neçə vacib faktı nəzərdən qaçırmaq olmaz: diaspor sərgi, yaxud muzey, xalqların mədəni dəyərləri isə etnik müxtəlifliyi əks etdirən stenddə nümayiş olunan eksponatlar deyil. Hər bir xalqın nümayəndəsi etnopsixologiyadan irəli gələn fərqli xüsusiyyətlərə malikdir. Bundan başqa, nəzərə alaq ki, diaspor çeşidli inanc, adət və vərdiş sahiblərinin, sosial qrupların birləşdiyi canlı orqanizmdir. Belə fərqli baxış, adət-ənənə və digər özəlliklərə malik fərdlərin bir yerdə müəyyən zaman intervalında hansısa layihəni həyata keçirməsi problem olmasa da, uzun müddət fəaliyyət göstərməsi çətin görünə bilər.

Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, diaspor üzvləri üçün əsas diqqəti çəkən problem etnik, bəzi hallarda da dini mənsubiyyət və həmin etnik, yaxud dini mənsubların diasporla münasibətləridir. Müəyyən etnik qrupa mənsub fərdlərin ilk növbədə etnik mənsubiyyətə görə birləşməsi daha asan görünür. Ayrı-ayrı etnik qrupların mənsubları bir vətəndən çıxsalar belə, həmin nümayəndələrin diaspor institutlarına münasibəti onların etnik xarakterik xüsusiyyətlərinə görə fərqli ola bilər. Bura fərdlərin fərqli şəxsi keyfiyyətlərini, qərib cəmiyyətlərdə qarşılaşdıqları obyektiv və subyektiv çətinliklərdən, yaxud maddi vəziyyətlərindən doğan psixoloji halətləri də əlavə etsək, birləşmə qarşısındakı əngəllər barədə təsəvvür əldə edə bilərik. Bu cür müvəqqəti problemlərin - oradakı fərqli cəmiyyətlərə adaptasiya, xırda maddi çətinliklərlə bağlı məsələlərin həllinə digər xalqların diaspor təşkilatları (məsələn, yəhudi, erməni, Çin diasporları) yaxından yardım göstərir. Əgər belə müvəqqəti problemlərin həllinə dəstək verə bilən güclü diaspor formalaşdıra bilsək, xaricdə mühacir həyatına yeni qədəm qoyan hər bir azərbaycanlı özünü həqiqətən böyük Vətənin və Millətin övladı – AZƏRBAYCANLI hesab edərək Azərbaycan diaspor hərəkatının güclənməsi üçün var qüvvəsi ilə çalışar.

Göstərilən problemlərin həllinin zəruriliyini vurğulamaqla yanaşı, çox böyük əhəmiyyətə malik vacib bir məsələni diqqətə çatdırmaq istərdik: çeşidli etnik kimliyə malik şəxslərin diaspor daxilində daha sıx birləşməsi üçün onları möhkəm birləşdirəcək ideyaya ehtiyac var. Bu artıq zamanın sınağından uğurla çıxmış, Azərbaycanda yaşayan bütün xalqlar və millətləri birləşdirmiş bir dəyər - Azərbaycançılıq ideyasıdır. Bu ideyanın əsası ötən əsrin əvvələrində milli ziyalılarımız tərəfindən qoyulsa da, konseptual, sistemli şəkildə formalaşdırılması Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummili liderin mütərəqqi siyasətinin alternativsiz davamçısı cənab Prezident İlham Əliyev də bu ideyanı zənginləşdirərək, müasir, çiçəklənən Azərbaycanın yeni inkişaf mərhələsində milli birliyin ideoloji nüvəsi kimi qoruyub saxlamağa nail oldu. Artıq Azərbaycan xalqının milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi formalaşdırılmış azərbaycançılıq ideyası cəmiyyətimizin bütün sahələrinə sirayət etdiyi kimi, diaspor hərəkatında da birləşdirici amil rolunu oynayır.

Azərbaycançılıq ideyası Azərbaycanın milli maraqlarını ölkə xaricində də etibarlı qorunması üçün strateji-ideoloji müdafiə silahıdır. Ona görə də bu ideyanın xaricdəki soydaşlarımız arasında təbliğinə, xüsusən də yetişməkdə olan nəslə aşılanmasına ayrıca diqqət yetirilməli, ciddi konseptual plan hazırlanaraq həyata keçirilməldir. Məhz bu ideya fərqli etnik və dini mənsubiyyətə malik olan azərbaycanlıları vahid milli amallar ətrafında cəmləşdirə bilər.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...