Tarix: 15.04.2024 / 12:17
Azərbaycan Diasporuna Dəstək Fondu  Malatyaya humanitar yardım göndərdi

Azərbaycan Diasporuna Dəstək Fondu Malatyaya humanitar yardım göndərdi

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) göndərdiyi humanitar yardım Türkiyənin zəlzələdən ən çox zərər görmüş bölgələrindən olan Malatyaya çatıb. Göndərilən humanitar yardımın AFAD Vilayət Müdirliyində qarşılanma mərasimi keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, yardımın təqdimetmə mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev, Battalqazi kaymakamı Erkan Savar və digər rəsmi şəxslər iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövlətinin qardaş Türkiyənin hər zaman yanında olmaqdan məmnundur və bir daha Türkiyənin belə bir fəlakətlə üz-üzə qalmamasını arzu edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün qurumlar zəlzələnin baş verdiyi saatlardan etibarən qardaş Türkiyəyə yardım əlini uzadıblar. Bu qurumlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondu olub. Valeh Hacıyev bundan öncə də Hataya, Kahramanmaraşa humanitar yardım göndərildiyini diqqətə çatdırıb.

Daha sonra içərisində ərzaq məhsulları olan TIR-dakı 2000 qutu yardım Battalqazi kaymakamı Erkan Savara təhvil verilib.

Qeyd edək ki, Türkiyənin zəlzələdən ziyan görmüş bölgələrinə ADDF bu günə kimi aşağıdakı yardımları göstərib:

1. 2023-cü ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı;

2. 2023-cü ilin avqust ayında yeni tədris ilinin başlanması səbəbi ilə Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət yardım;

3. 2023-cü ilin dekabr ayında Kahramanmaraş bölgəsində havaların kəskin soyuq keçməsi nəzərə alınaraq zəruri ehtiyaclardan ibarət humanitar yardım.

Şərhlər

Yaz...