Tarix: 24.09.2024 / 19:00
Azərbaycan diasporu buna görə güclü ola bilmir   – Saleh Kamrani

Azərbaycan diasporu buna görə güclü ola bilmir – Saleh Kamrani

“İsveç böyük ölkə olmasa da diaspor fəaliyyətinin inkişafı üçün önəmli ölkələrdən biridir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İsveçdə fəaliyyət göstərən Azərbaycan Mərkəz Partiyasının rəhbəri, “ANT” televiziyasının qurucusu, insan haqları üzrə vəkil Saleh Kamrani deyib.

S.Kamraninin sözlərinə görə, İsveçdə həm Güneylə, həm də Quzeylə əlaqəli müxtəlif tədbirlər keçirilir:

“İranın Azərbaycana qarşı olan siyasətini qınamaq üçün İran səfirliyinin qarşısında aksiyalar keçirmişik. Eyni zamanda İsveç parlamentində çalışan vəzifəli şəxslərlə, qəzetlərlə, eləcə də mediada Qarabağ məsələsi ilə əlaqədar müxtəlif tədbirlər, çıxışlar, yazılar dərc etmişik”.

Partiya sədri qeyd edib ki, Güney Azərbaycan məsələsi daha genişçaplıdır və əksər ölkələrin diqqət mərkəzindədir:

“Güney Azərbaycanla bağlı şəxsən mənim fəaliyyətim Avropa Birliyi institutları səviyyəsində olub. Xüsusilə, Avropa Birliyində Güney və Quzeylə əlaqədar, xüsusilə Qarabağla bağlı səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışmışıq. Avropada və Amerikada seminarlar, yürüyüşlər, fikir mübadilələri etmişik”.

S.Kamrani bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti var, amma qaneedici deyil:

“İşlər görülüb, ancaq o qədər də qaneedici deyil. Xaricdə yaşayan azərbaycanlıların diaspora fəaliyyəti geridə qalıb. Xaricdə imkanlar çoxdur və müxtəlif düşüncəli insanlar var, onları kəşf edib tanımaq, sonra da onlarla təşkilatı formada işlər görülməlidir. Təəssüflər olsun ki, çox boşluqlar var, onları doldurmaq lazımdır. Bir misal gətirmək istəyirəm. İsveç universitetlərinin bir neçəsində razı oldular ki, Güney azərbaycanlılarla bağlı proqramlar təşkil olunsun. Burada Azərbaycan tərəfindən iş birliyi lazım oldu. Uzun müddət bu iş üzərində çalışdım. Bunu dövlət səviyyəsində diaspora etməli idi, ancaq bu təklif yerdə qaldı. Görülən işlər şəffaf olmalıdır. Bütövlükdə 50 milyonluq azərbaycanlıların ehtiyaclarını qarşılamaq lazımdır. Məxsusən lobbiçilik və bir çox işlər Qərb dünyasında irəlilədiyi üçün bu ölkələrdə Azərbaycanın Güneyindən olanların həm övladları, həm də davamçıları daha çox bu ölkələrdə olduqları üçün bu potensialı aktivləşdirib, milli mənfəətlər doğrultusuna çəkmək lazımdır. Lakin təəsüflər olsun ki, diaspor bu məsələni də diqqətə almayıb. Azərbaycan diasporu buna görə güclü olmur, yoxsa potensial etibarı ilə dünyada ən güclü diaspor Azərbaycanındır”.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...