“Diaspor quruculuğu istiqamətində uğurlu nəticənin əldə olunması üçün dini və ya milli birlik ideologiyası üzərindən təşkilatlanmaq çox vacib faktordur”.
Bu sözləri Diaspora.TV-yə politoloq Taleh Əliyev deyib. Onun sözlərinə görə, bu birləşdirici amil diaspor üzvlərinin assimilyasiya olunmadan yaşadıqları ölkələrin ictimai - siyasi, sosial - iqtisadi, elmi - mədəni həyatına daha geniş inteqrasiya olunmasına təkan verir.
Politoloq bildirib ki, Azərbaycan diasporu fundamental olaraq 3 qrupa bölünür:
“Birinci tarixi torpaqlarımızda yaşayan və 20-ci əsrə qədər Yaxın Şərq ölkələrinə köç etmiş soydaşlarımız. İkinci qrupa Güney Azərbaycandan köç etmiş soydaşlarımız və nəhayət üçüncü qrupa Qüzey Azərbaycandan köç etmiş soydaşlarımız daxildir. Hər 3 qrupu bir neçə alt qruplara da bölmək olar. Məsələn, Qüzey Azərbaycandan olan diaspor nümayəndələrini də 3 qrupa bölə bilərik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyə və Avropa ölkələrinə köç etmiş soydaşlarımız, SSRİ dövründə müttəfiq respublikalara köç etmiş soydaşlarımız və nəhayət müstəqillik dövründə əsasən inkişaf etmiş ölkələrə köç etmiş soydaşlarımız”.
Taleh Əliyev təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan diasporu belə bir ideologiyaya sahib deyil:
“Fundamental əsaslar formalaşdırılmadan bu sahədə ciddi uğurlar əldə etmək mümkün deyil. Dövlətin inzibati resurslarından istifadə edərək bu sahədə ən yaxşı halda görüntü yaratmaq olar. Bu dəstək kəsilən kimi hər şey yenidən sıfırlana bilər”.
Politoloq hesab edir ki, diaspor quruculuğu sahəsində ilk növbədə diqqət yetirilməli olan məsələ diasporun ideoloji cəhətdən birliyinə nail olmaqdır.
Jalə
Diaspora.TV