Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşkilatçılığı ilə Kiyevdə “Ukrayna üçün ürəkləri birləşdirin!” adlı beynəlxalq xeyriyyə festivalının rəsmi açılışı olub.
Diaspora.TV xəbər verir ki, festivalda Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə ölkəmizin mədəniyyəti, mətbəxini təbliğ edən stend qoyulub, Kiyev sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən paxlava, şəkərbura, şərablar, çaylar paylanılıb.
Ukraynada yaşayan soydaşımız, tətbiqi incəsənət ustası Rəna Səfərovanın hazırladığı milli atributlarımız, musiqi alətlərimiz nümayiş etdirilib.
Festivalda diasporumuz da fəallıq nümayiş etdirib. Belə ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə “Kavkaz” rəqs qrupu milli rəqslərimizi, o cümlədən “Sarı gəlin”, “Uzundərə”, “Köçəri”ni ifa edib.