Tarix: 15.05.2024 / 10:48
Azərbaycan cəmiyyəti və insanlarımız bu Fonda inanacaq   - Sabir Rüstəmxanlı

Azərbaycan cəmiyyəti və insanlarımız bu Fonda inanacaq - Sabir Rüstəmxanlı

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Romada keçirilən IV Forumu ilə bağlı video-müraciət ünvanlayıb.

Diaspora.TV xəbər verir ki, S.Rüstəmxanlı müraciətində forum iştirakçılarına uğurlar arzulayıb:

“Fondun Bakıda keçirilən III Forumunda iştirak etmişəm. Sevinmişəm ki, bu qurumun ətrafında xeyli bacarıqlı, istedadlı və Azərbaycanın gələcəyini düşünən, çoxu da gənc olan gözəl mütəxəssislər, işinə sevgi ilə yanaşan insanlar toplaşıb. Bu cür Fond yaratmaq cəhdləri əvvəllər də olub”.

Millət vəkili DAK-ın hər zaman müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasına çalışdığını deyib:

“Bizim ayrıca saytımız var, bir vaxtlar “Bakı-Təbriz” adlı jurnal nəşr edirdik. Eləcə də bütün Azərbaycan mətbuatında DAK-ı geniş şəkildə təbliğ eləmişik, tanıtdırmışıq. Bu iş əslində davam edir. Düzdür, pandemiya dövründə işimiz bir az ləngidi. Gizlətmək istəmədiyim başqa bir səbəb də var. İranın DAK-a təzyiqini görəndə Azərbaycandakı bəzi rəsmi dairələr onun fəaliyyətini dayandırmaq istəyirdilər, bizə mane olurdular. İndi o adamlar yoxdur. Amma biz işimizi davam etdirmişik. Nə qədər çalışdılar ki, bizə alternativ yaratsınlar, fəaliyyətimizi gözdən salsınlar. Söhbət məndən getmir, çünki bu işdə kifayət qədər təcrübəm var. İndi istəyirəm ki, bu sahəyə gənclər gəlsin. DAK-ın dünyada bir imici var, tanınıb və ciddi bir təşkilatdır. Bizim getdiyimiz bütün ölkələrdə rəsmi dairələrin üzünə açılmayan qapılar bizim üzümüzə açılırdı. İndi də bu xətti, ənənəni davam etdirmək lazımdır”.


S.Rüstəmxanlı bildirib ki, DAK-ın yığıncaqlarında hər zaman Fond yaradılması ilə bağlı söhbətlər olub:

“Təəssüf ki, hər zaman belə bir təşəbbüsə şübhə ilə yanaşılıb. Fondu kim, niyə yaradır, haradan maliyyələşəcək, niyə maliyyəşir və vəsaiti hara xərcləyəcək? Belə müxtəlif suallar meydana gəlirdi, amma addım da atılmırdı. Bizim ətrafımızda, hətta dövləti olmayan xalqların da çox mükəmməl fondları var. Bilirik ki, dövlət və ictimai əsaslarla yaranan fondlar var. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu ictimai fondlardan biridir və bu şəkildə də fəaliyyət göstərəcək. Çox sevinirəm ki, fondun rəhbərliyində təmiz, dürüst adamlar yer alır. Fond şəffaf bir ölkə olan İsveçdə qeydiyyatdan keçirilib və onun fəaliyyəti tamamilə Fond üzvlərinə aid olacaq. Qurumun çox yaxşı proqramı var və Diaspora.TV artıq fəaliyyət göstərir. Onu dünya azərbaycalılarının televiziyasına çevirmək olar. Niyyətlər hamısı gözəldir, amma bunun hamısı maliyyə məsələlərinə bağlı olacaq. Fondun işi elə qurulmalıdır ki, bura həmişə maliyyə axını olsun. Hesabatlılıq da elə olmalıdır ki, ona heç kimdə şübhə yaranmasın. Bir psixoloji maneə var, o aşılandan sonra Azərbaycan cəmiyyəti və insanlarımız bu Fonda inanacaq və onun ənənələri yaranandan sonra bu qurum çox qısa müddətdə güclü bir maliyyə mərkəzinə çevriləcək və ömrü uzun olacaq”.

Millət vəkili inanır ki, DABF insanların etimadını qazanacaq və onun fəaliyyətində maraqlı olacaq, xeyrini görəcəklər:

“Bilirəm ki, Fond istedadlı gənclərimizin təhsilinə yardım proqramını həyata keçirir. Fond güclü olduqca dünyanın müxtəlif ölkələrindəki gənclərimizin təhsilinə yardım edəcək. Eləcə də bizdən yadigar abidələr var ki, Fond onların tapılmasına kömək edəcək. Ayrı-ayrı ölkələrdə Azəbaycana məxsus əl yazmaların, muzey eksponatların üzə çıxarılmasına, hətta bəzilərinin alınıb ölkəyə geri qaytarılmasına yardımçı olacaq. Eləcə də kitab, qəzet nəşri və sair buna dəstək ola bilər. Misal üçün, Diaspora.TV dünya azərbaycanlılarının tədris mərkəzinə çevrilə bilər. Bunun həm də xeyri xüsusilə Güney Azərbaycandakı soydaşlarımıza dəyə bilər. Bir sözlə qarşıda böyük işlər var. Mən belə təsəvvür edirəm ki, bu kollektivlə, indiki niyyətlə və bu gözəl başlanğıcla Fondun gələcəyi uğurlu olacaq. Biz DAK olaraq, həmişə sizin yanınızdayıq, əməkdaşlıq etməyə hazırıq. Düşünürəm ki, bunun ancaq Fonda köməyi dəyə bilər. Bu qurumdan heç nə ummuruq, amma hər zaman kömək etməyə hazırıq və gələcəkdə də öz fəaliyyətimizi əlaqələndirəcəyik, bir yerdə çalışacağıq. Çünki niyyətimiz, taleyimiz birdir, əslində dərdimiz də birdir. Bunların hamısının həllində çiyin-çiyinə olmağımız son dərəcə vacibdir”.


Şərhlər

Soydaş

Axi gözəl nümunə var, artiq 20 İlliyini qeyd Etdik. O strukturları DAK da yaratmaq olar. Onda həm şəffaflıq və həm də inam olar. Xeyirli olsun inşallah

16.05.2024 / 06:21

Yaz...