Tarix: 11.10.2024 / 12:01
Azərbaycan bu məsələdə həlledici söz sahibidir –    Fəzail Ağamalı

Azərbaycan bu məsələdə həlledici söz sahibidir – Fəzail Ağamalı

“Zəngəzur layihəsi ümumdünya xarakteri daşıyan, təkcə Zəngəzur arealında, onun ətrafında yaşayan insanlar üçün deyil, dünya miqyasında yaşayan xalqlar üçün ciddi bir əhəmiyyət kəsb edən layihədir. Bu layihəni reallaşdırmaq üçün əvvəlcə Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymaq lazımdır. Eyni zamanda Azərbaycanda separatizmi tamamilə yox etmək lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ana Vətən Partiyasının sədri, sabiq millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, bu iki ciddi vəzifəni yerinə yetirən müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütovlüyünü, suverenliyini təmin etməklə kifayətlənmədi:

“Dünyaya Avropa ilə Asiyanı birləşdirən Zəngəzur dəhlizinin açılması kimi bir töhvəni verə bildi. Artıq bu dəhlizin ətrafında ciddi proseslər gedir. Zəngəzur dəhlizinin açılmasında yeganə problem bu prosesdə kimin həlledici rol oynamasıdır. Yəni, Zəngəzur dəhlizinə Rusiyamı, Amerikamı, Avropamı, yoxsa Ermənistanın özümü nəzarət etməlidir? Bunun ətrafında gedən ciddi mübahisələr deyərdim ki, hətta ciddi xarakter daşıyan pərdəarxası mübarizələr, düşünürəm ki, yaxın vaxtlarda konkret nəticə verəcək. Rusiya heç bir halda Avropa və ya Amerikanın Zəngəzur dəhlizində rol oynamasına imkan verməyəcək. Çünki bu məsələ Ermənistandan asılıdır, Ermənistan üzərində isə Rusiyanın dominantlığı, təsiri onu deməyə əsas verir ki, dəhlizə Rusiya nəzarət edəcək”.

F.Ağamalı qeyd edib ki, bu dəhlizin Azərbaycan, xüsusən də bütün Türk dünyası üçün böyük əhəmiyyəti var:

“Azərbaycanın öz mövqeyi var ki, burada nəzarət Azərbaycan üçün olmasın. Azərbaycan vətəndaşı Zəngilandan Ordubada qədər, hər hansı bir yoxlamadan keçməsin. Azərbaycanın tələbi bundan ibarətdir. Azərbaycan bu məsələdə yeganə və həlledici söz sahibidir”.

Şərhlər

Yaz...