Tarix: 29.07.2024 / 10:20
“Ay Gülyanaq, sənin görüşmədiyin diaspor qalmadı, hamını tanıyırsan”  - Xalq artisti

“Ay Gülyanaq, sənin görüşmədiyin diaspor qalmadı, hamını tanıyırsan” - Xalq artisti

“Diaspor rəhbərlərinin hər birinin tədbirlərinə sevə-sevə qatılıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında yüksək dərəcəli vokalist, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, həm Avropa ölkələrində, həm də türkdilli ölkələrdə soydaşlarımızın təşkil etdiyi tədbirlərə qatılır, Azərbaycan incəsənətini tanıdır:

“Azərbaycan incəsənətinə, mədəniyyətinə xidmət etməkdən şərəf duyuram. Diaspor rəhbərləri xaricdə yaşayan soydaşlarımızın istəklərini nəzərə alaraq, məni tədbirlərinə dəvət edirlər. Onlarla münasibətim çox yaxşıdır. Hətta 2022-ci ildə Şuşada keçirilən Forumda diasporlarla bir bacı-qardaş kimi görüşdüm, hər kəs deyirdi ki, “Ay Gülyanaq, sənin görüşmədiyin diaspor qalmadı, hamısını tanıyırsan” (gülür). Diasporlar bizi yüksək səviyyədə qarşılayırlar. Onların fəaliyyətini yüksək dəyərləndirirəm, çünki Azərbaycanın adını yaşatmaq üçün əllərindən gələni edirlər”.

Xalq artisti bildirib ki, bir çox ölkələrdə qastrol səfərlərində olub və harada diaspor rəhbəri varsa, onlar orada bir Azərbaycan yaradıblar.

“Diaspor təşkilatlarının, səfirliklərin dəvətini hər zaman qəbul edib, sevə-sevə iştirak etmişəm. İşimi və sənətimi çox sevdiyim üçün Azərbaycan musiqisini də təbliğ etməkdən şərəf duymuşam. Xaricdə yaşayan soydaşlarımızın qarşısında çıxışlar etmişəm və o alqışlar məni yaşadıb. Azərbaycanlılarla yanaşı, elə xaricilər də tədbirlərdə iştirak ediblər. Bizim diasporlar yaşadıqları ölkənin yerli cəmiyyəti ilə də münasibət yarada biliblər. Konsert proqramlarında bunun şahidi olmuşam. Hətta tədbirlərdə olan xaricilərin məxsusi olaraq Azərbyacanın Xalq mahnılarına, musiqilərinə hörmətlərini dəfələrlə görmüşəm. Bizi biz edən Milli musiqimiz, xalq musiqimiz, muğamlarımız xariciləri heyran edir. Onların baxışlarından, konsert sonunda mənə yaxınlaşmasından anlamışam ki, bizə qarşı necə rəğbət bəsləyir, musiqimizi necə sevirlər. Musiqinin dili olmur, başa düşməsələr də onların baxışları hər şeyi izah edib. Bizim mahnılarımız da onları təəccübləndirib”,- deyə G.Məmmədova bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...