Tarix: 30.09.2024 / 23:47
“SS” mahnısı yəhudi diasporunu niyə   qorxuya salıb?

“SS” mahnısı yəhudi diasporunu niyə qorxuya salıb?

"Bu şəxslərin məhkəmədə ədalətlə üzləşmək əvəzinə siyasi vəzifələr tutmağa davam etmələri dözülməzdir".

Diaspora.TV xəbər verir ki, bu sözləri Dünya Yəhudi Konqresinin icra şurasının üzvü Benjamin Quttman deyib.

Avstriyanın “Der Standard” qəzeti xəbər verir ki, “SS-ə sədaqət” mahnısı cümə günü Vyanada ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPO) yüksək vəzifəli şəxslərinin qatıldığı, 90 yaşında vəfat edən keçmiş FPO siyasətçisi Valter Suçer dəfn mərasimində oxunub.

Azadlıq Partiyasının rəhbəri hazırda Herbert Kikldir.

Der Standard-a görə, FPO-nun baş katibi Kikl o vaxtki Yəhudi İcmasının prezidenti Ariel Muzikanta “Waffen-SS” birləşmələrinin üzvlərinin açıq şəkildə pislənməsinin "cəfəngiyyat" olduğunu söyləmişdi.

Qeyd edək ki, FPO bazar günü keçirilən parlament seçkilərində birinci olub.

Dəfn mərasimində iştirak edən yüksək səviyyəli FPO rəsmiləri arasında deputat Harald Stefan, parlament qrupunun direktoru Norbert Nemeth və Milli Şura üzvü Martin Qraf da var. Dəfn mərasimində daha əvvəl istefa vermiş keçmiş parlament qrupunun rəhbəri İohann Qudenus da olub.

“SS” mahnısı ifa olunan zaman siyasətçilərdən heç biri etiraz etməyib, məkanı da tərk edən olmayıb.

Məlumata görə, Yeni Avstriya və Liberal Forum, Yaşıllar və Demokratik Sosialist (SPO) partiyaları FPO-nu qınayıblar və FPO dəfn mərasimini siyasi alətə çevirməsini pisləyiblər. Yəhudi Avstriya Tələbə Birliyi isə nasistlərin yenidən birləşərək baş qaldırmasına dair şübhələrini dilə gətiriblər və sözügedən dəfndə iştirak edən FPO siyasətçilərinə qarşı ittiham irəli sürdüyünü açıqlayıblar.

Yəhudi Avstriya Tələbə İttifaqının prezidenti Alon İşay qeyd edib ki, bu hadisə “Avstriya üçün həyəcan siqnalı”dır.

"FPO-nun yüksək vəzifəli şəxslərinin nasizmi belə həyasızcasına tərifləməsi, nasist ideologiyalarının FPO daxilində nə qədər dərin kök saldığını göstərir. Belə şəxslər parlamentdə deyil, məhkəmə qarşısındadır", - İşay deyib.

"Der Standard" xəbər verir ki, Dünya Yəhudi Konqresinin icraçı şurasının üzvü Benjamin Quttman da hadisəni şərh edib:

“SS” mahnısının oxunması təkcə “nasional sosializm qurbanlarına qarşı misli görünməmiş bir hörmətsizliyi təmsil etmir, həm də nasistlərin yenidən dirçəlməsinə dair nümunədir”.

Quttman Yəhudi Avstriya Tələbələr Birliyi adından şikayət edib:

“Bu şəxslərin ədalət məhkəməsi qarşısında cavab vermək əvəzinə, siyasi vəzifələr tutmağa davam etmələri dözülməzdir”.

Vyana Yəhudi İcmasının prezidenti Oskar Deutç isə açıqlamasında belə deyib:

"Gündüz özlərini demokrat kimi təqdim edirlər; zirzəmilərdə isə nasist mahnı kitabları nəşr edirlər".

Qeyd edək ki, hazırda Avstriyada SS-nin simvolları qadağandır.

Şərhlər

Yaz...