Tarix: 19.09.2024 / 10:04

Ərəb ölkələrinin Azərbaycana böyük marağı var

“Diasporla müsahibə” verilişinin növbəti qonağı “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvü, İngilis dili müəllimi Nüşabə Lətifova olub.

N.Lətifova müsahibədə Küveytdə yaşayan soydaşlarımızdan, orada fəaliyyətindən, küveytlilərin azərbaycanlılara olan marağından söz açıb.

Diaspor fəalının sözlərinə görə, Vətən savaşı zamanı Azərbaycanın haqq səsini yerli cəmiyyətə çatdırmaq üçün təşkil olunan layihələrdə yaxından iştirak edib:

“Səfirliyimiz bizə hər zaman dəstəkdir. Onlar və eləcə də üzv olduğum cəmiyyətin rəhbəri Könül Hacızadə soydaşlarımızı bir araya toplayır. Mən də öz növbəmdə həm şagirdlərimizə, həm də ətrafımda olan dostlarıma Azərbaycan haqqında danışıram. Onlara faktlar göstərdikdən sonra özləri də araşdırıb, görürlər ki, ermənilər necə bir millətdir, Azərbaycana qarşı hansı maraqları var".

N.Lətifova Küveytlə Avropa arasında fərqlərə belə aydınlıq gətirib:

“Avropanın inkişaf etməyinə baxmayaraq, orada azərbaycanlıları, Azərbaycanı yaxşı tanımırlar. Müsəlman ölkəsi olduğu üçün Küveytdə bizə kifayət qədər maraq və sevgi var. Hazırda doktorantura təhsili almaqla yanaşı, Küveytdə fəaliyyət göstərən Böyük Britaniya məktəbində dərs keçirəm. Avropaya bəlkə də gələcəkdə üz tuta bilərəm, ancaq Küveyt mənim ikinci vətənim sayılır. Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsi bizi Qarabağa yola saldı, Şuşaya səfər etdik. Çox maraqlı və duyğusal anlar yaşadıq. Hər kəs gəldiyi ölkənin bayrağını dalğalandırdı”.

“Küveytli şagirdlərimdən soruşsanız, Azərbaycanı xəritədə gözüyumulu göstərərlər. Onlara bizim bayrağımızın rəngi, mənası, milli adət-ənənələrimiz çox maraqlıdır. Mən də onlara sevə-sevə vətənimi tanıdıram. Bu mənim üçün böyük fəxrdir”, -deyə N.Lətifova bildirib.

Şərhlər

Yaz...