Tarix: 25.08.2024 / 09:50
Avropadakı cənublu mühacirlərə  “Vətən”dən dəstək…

Avropadakı cənublu mühacirlərə “Vətən”dən dəstək…

Avropadakı cənublu mühacirlərin milli-demokratik və milli-maarifçilik fəaliyyətinin güclənməsinə təkan verən amillərdən biri də 1987-ci ilin dekabrında Bakıda yaranan “Vətən” cəmiyyətindən gələn müsbət impuls idi. Bu təşkilat milli mədəniyyət, dil, ana dilində ədəbiyyat böhranı keçirən cənublu azərbaycanlılara böyük mədəni-mənəvi yardım göstərirdi. Bakıdan göndərilən əyani vəsaitlər, qəzet-jurnallar, Azərbaycan tarixi, mədəniyyəti, milli kimliyi, dili barədə kitablar həmin böhranı qismən də olsa aradan qaldırmaqda əvəzsiz rol oynayırdı.

Xüsusilə 1989-cu ildən etibarən “Vətən” cəmiyyətinin xətti ilə Şimali Azərbaycandan olan mədəniyyət və incəsənət xadimlərinin, ədiblərin, alimlərin Avropa ölkələrinə səfərləri və oradakı cənublu mühacirlərlə keçirilən görüş və müzakirələr də sonuncuların ana dili, milli kimlik, milli mədəniyyət anlayışlarına münasibətini daha da cilalayıb duruldurdu. Bu da öz növbəsində onların milli şüur səviyyəsinin yüksəlməsinə şərait yaradırdı.

Uzun onilliklər boyu çeşidli siyasi-ideoloji cərəyanların bölüb parçaladığı, bir-biri ilə üz-üzə qoyduğu cənublu mühacirlər artıq ana dili, milli mədəniyyət və milli kimlik məsələlərinin yeganə birləşdirici faktor olduğunu dərk etməyə başlamışdılar. Onlar milli özünüdərkə aparan yolun maarifçilikdən keçdiyini bilir, bu sahəyə diqqəti artırırdılar. Bu baxımdan 1989-cu ilin sentyabrında Danimarkada Almaniya, Norveç, Fransa, İsveç, Avstriya və İsveçrədə yaşayan cənublu milli ziyalıların iştirakı ilə keçirilən toplantının xüsusi əhəmiyyəti vardı. Həmin toplantıda əsas müzakirə mövzusu mühacir cənublular arasında milli mədəniyyəti və azərbaycançılıq şüurunu yaymaq məsələləri ilə bağlı idi. Qərara alınmışdı ki, ziyalılar cənublu mühacirləri bir araya gətirib onların Azərbaycan mədəniyyəti, dili və tarixi haqqındakı biliklərini artırmaq üçün fəaliyyətlərini genişləndirsinlər. Bununla bağlı o dövürə qədərki təcrübə də dəyərləndirilmiş, nöqsan və çatışmazlıqlar, eləcə də fəaliyyəti gücləndirməyin mümkün yolları göstərilmişdi.

1989-cu ildən etibarən Almaniyada Azərbaycan mədəniyyəti həftələri keçirilir və Azərbaycan folklorunu öyrətmək üçün yeni mərkəzlər açılırdı. Hər il keçirilən Novruz bayramı şənlikləri, müntəzəm şəkildə təşkil olunan musiqi, ədəbi-bədii və rəqs gecələri milli ruhun oyanışında vacib rol oynayaraq milli konsolidasiya prosesinə əvəzsiz töhfələr verirdi. 1980-ci illərin ortalarına doğru Avropada xeyli sayda incəsənət və rəqs qrupları, milli ansambllar təşkil edilmişdi. Onlara nümunə olaraq “Səhənd” (Köln), “Araz” (Hamburq), “Azərbaycan mahnı və rəqs ansamblı” (Qərbi Berlin), “Balaban” (Qərbi Berlin) və digərlərini
göstərə bilərik.

Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Redaksiyadan:

Filologiya elmləri doktoru Abid Tahirli yazır: Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin - "Vətən" Cəmiyyətinin təsis edilməsi zamanın tələbi idi. Cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə yaradılması da təsadüfi deyildi. Niyyət bu yolla xalqın gözündə qayğıkeş görünmək, onun problemlərinə biganə qalmadığını nümayiş etdirmək və bu vəsilə ilə də kükrəməkdə olan qəzəb dalğasının qarşısını almaq idi. Əlbəttə, bu məqsədi xalqın qabaqcıl ziyalıları yaxşı anlayırdı. Lakin bu tarixi fürsətdən yararlanmaq, Cəmiyyətin imkanlarından maksimum istifadə edərək Vətən həsrəti ilə yaşayan soydaşlarımızla səmərəli əlaqələr yaratmaq, onların da gücündən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq, eyni zamanda, müstəqillik mücadiləsinə qoşulmaq, bu müqəddəs davaya töhfə vermək şansını dəyərləndirmək lazım idi. 1987-ci il dekabrın 28-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cəmiyyətin təsis konfransı keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsindən - tələbəlik illərindən cəsarətli çıxışları, işıqlı fikirləri ilə tanıdığım professor Abbas Zamanovun bir qrup ziyalının əhatəsində dediyi sözlər indiki kimi yadımdadır:

"Moskvanın bu addımı da bizə nə qədər ögey münasibət bəslənildiyinə dəlalət edir. Hələ 1964-cü ildə Ermənistanda Xaricdə Yaşayan ermənilərlə əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır. Yerevanda beynəlxalq hava yolları fəaliyyət göstərir. Biz xaricə yalnız Moskvadan uça bilərik. Xaricdəki həmvətənlərlə mədəni əlaqələr üçün hələ indi bizə cəmiyyət təsis etməyə icazə verirlər. Əlbəttə, bu da bizə sevgidən deyil, xalqın könlünü almaq, imperiyanı xilas etmək üçün atılan addımlardandır".

Beləliklə, "Vətən" Cəmiyyəti yaradıldı. Təsis konfransında Xalq yazıçısı Elçin Cəmiyyətin Rəyasət heyətinin sədri, respublikanın 76 nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi Cəmiyyətin Şurasına, 26 nəfər isə Rəyasət heyətinə üzv seçildi. "Vətən" Cəmiyyəti fəaliyyətə başladığı ilk gündən məlum oldu ki, bu təşkilat sovet rejiminin başına bəla olacaqdır, nə Kommunist Partiyasının direktiv göstərişləri, qərarları, senzuranın qaydaları, qadağaları onu öz yolundan - xaricdəki həmvətənləri, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin qürbətdəki mənəvi varislərini də cəlb etməklə müstəqilliyə xidmət missiyasından döndərə bilməyəcəkdir.


Şərhlər

Yaz...