Tarix: 24.06.2024 / 18:00
Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla  davam edib

Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Berlində keçirilən “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu” müxtəlif mövzulu təqdimatlar və çıxışlarla davam edib.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, Forumda dövlət qurumlarının nümayəndələri, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov təqdimatlarla çıxış ediblər.

Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov Almaniya modeli enerji qənaətli evlərdən danışıb.

Tədqiqat və İnkişaf sahəsi üzrə Baş ekspert, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani “Odlar Yurdu və Texnologiya” mövzusunda təqdimat edib.

“Verallia Deutschland AG” şirkətinin Almaniya və Şərqi Avropa Texniki Mərkəzində Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri Rafiq Hüseynov süni intellektin şüşə qablar istehsalında tətbiqinin ətraf mühitə potensial təsir imkanları haqqında məlumat verib.

Swiss Alternative Financing AG-nin təsisçisi və baş direktoru; Azərbaycan şöbəsinin rəhbəri, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatalarının İdarə Heyətinin üzvü, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadə iqlim maliyyəsi və davamlı investisiyalar üçün blokçeyn və süni intellekt texnologiyalarından danışıb.

“Alterric Deutschland GmbH” şirkətində istismar dövründə olan külək stansiyalarının texniki meneceri Nurlan Rəhimli Azərbaycan külək turbinlərinin səmərəli və effektiv istismarından bəhs edib.

Fraunhofer IKTS (Institut für keramische Technologien und Systeme), Kognitive Materialdiagnostik qrupunun süni intellekt ilə materialların diaqnostikası üzrə elmi işçisi İlkin Alxaslı dağıdıcı olmayan testlərdə süni zəka mövzusuna toxunub.

Təqdimatlar mövzuların müzakirələri ilə davam edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilk dəfədir Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir. Komitə son illər xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda ixtisaslaşmış forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə forumu baş tutub. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb.




Şərhlər

Yaz...