Tarix: 17.05.2024 / 09:57
Avropa ölkələrinin TV-lərində bir azərbaycanlı belə yoxdur  – İsmayıl Ağayev

Avropa ölkələrinin TV-lərində bir azərbaycanlı belə yoxdur – İsmayıl Ağayev

“Xaricdə yaşayan azərbaycanlılara “Soydaş kartı”nın verilməsi həddindən artıq önəmli məsələdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev xaricdə yaşayan azərbaycanlılara “Soydaş kartı”nın verilməsi prosesinin ləng getməsi səbəblərindən danışarkən deyib. Sədrin sözlərinə görə, Avropada fəaliyyət göstərən diaspor təşkilatları, səfirlikər güc və imkanlarını artırmalı, işlərini daha güclü qurmalıdırlar:

“Bu məsələ müzakirə olunmalıdır. Məsələ burasındadır ki, Azərbaycanda dövlət strukturunda işləyən insanlar sanki gözləyir Prezident bununla bağlı hər hansı bir qərar verməlidir və bundan sonra onlar da hərəkətə keçməlidir. Ərazi bütövlüyümüz bərpa etdik. Bu o demək deyil ki, başqa işlərin görülməsinə ehtiyac yoxdur. Bu gün məhz əvvəlkindən daha çox iş görməyə ehtiyac var. 30 il Azərbaycan torpaqlarını işğal edən Ermənistanı Avropa Şurası, ATƏT, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı heç bir zaman qınamadı, sanksiyalar tətbiq etmədi. Ancaq öz haqqı və hüququ uğrunda mübarizə aparan Azərbaycana son dövrlərdə ATƏT, Avropa Şurası tərəfindən edilən basqılar göz önündədir”.

İsmayıl Ağayev Avropada yaşayan azərbaycanlıların qütübləşdiyini qeyd edib:

“Orada bir qrup var ki, Azərbaycanın nailiyyətlərini həzm edə bilmir. Onlar düşmənin dəyirmanına su tökən dəstələrdir. Bəzi gənclər də onların təsiri dairəsinə düşür. Belə olan halda Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi bu məsələdə işlərini davam etdirməli, ardıcıl tədbirlər görməlidirlər. Yerli QHT-lərlə işlər aparılmalıdır, onların mətbu orqanları ilə sıx əməkdaşlıq qurulmalıdır. Bizim Avropanın aparıcı ölkələrinin telekanallarında bir azərbaycanlı belə yoxdur, saytları, mərkəzləri fəaliyyət göstərmir”.

Mərkəz sədri əlavə edib ki, ən önəmli məsələ Avropada yaşayan Qərbi azərbaycanlıların yenidən dədə-baba torpaqlarına qayıtması istiqamətində işlərin görülməsidir:

“Standart tədbirlər keçirirlər, azərbaycanlıları bir araya toplayıb, şəkil çəkdirib sonra da yayırlar. Hesab edirlər ki, layihə həyata keçib. Xaricdə yaşayan azərbaycanlıların siyahısı tutulmalı və onları bir ideya – “Soydaş kartı” ətrafında birləşdirib mübarizəyə cəlb etmək lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...