Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş araşdırılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaqla müəyyən olunub ki, Sevinc Aslanova və Kamil Curayev ayrı-ayrı şəxslərə müxtəlif Avropa ölkələrində işə düzəltmə, həmçinin iş vizasının alınması barədə kömək edəcəklərinə dair söz veriblər. Həmin şəxslərdən dələduzluq yolu ilə aldıqları pulları şəxsi ehtiyaclarına sərf ediblər.
Məlum olub ki, Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161 550 manatını mənimsəyiblər. Vətəndaşlara işləmək üçün vəd edilən ölkələr isə əsasən Hollandiya, Slovakiya, İngiltərə, Polşa, Rumıniya və digər ölkələr olub.
15 may 2024-cü il tarixdə Kamil Curayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilsə də, o, istintaq orqanlarından yayınmaqla çağırışlara gəlməkdən boyun qaçırıb. Buna görə də barəsində axtarış elan edilib. O, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Digər təqsirləndirilən şəxs - Sevinc Aslanova barəsində isə polisin nəzarəti altına alınma qətimkan tədbiri seçilib./Oxu.az