Tarix: 05.06.2024 / 12:02
Arxayınçılığa gərək yoxdur   - Siyasi şərhçi

Arxayınçılığa gərək yoxdur - Siyasi şərhçi

“Təsadüfi deyil ki, Azərbaycanın Ermənistanla savaşının diplomatik və təbliğat müstəvisində davam edəcəyi barədə dəfələrlə bildirilib. Bu proses hazırda davam edir. Bu mərhələdə Azərbaycan mətbuatı öz sözünü deməlidir. Bu məkanda, platformada Azərbaycan həqiqətlərinin çatdırılması Azərbaycana qarşı bədxah qüvvələrin çirkin kampaniyalarının darmadağın edilməsi istiqamətində mətbuat da öz sözünü deməlidir”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Elşad Paşasoy xarici jurnalistlərin azərbaycanlı həmkarları ilə birgə müxtəlif media platformalarında davamlı əməkdaşlığının əhəmiyyətindən danışarkən deyib. Onun sözlərinə görə, əslində Azərbaycan media məkanı üçün çox böyük bir nümunə göstərdi:

“Azərbaycan əraziləri işğalda olduğu zaman adətən şikayətlənirdik ki, həqiqətlərimiz ölkə sərhədlərini aşmır. Erməni diasporu, erməni lobbisi güclüdür, Azərbaycanın əleyhinə təbliğat, qarayaxma kampaniyası davam edir. Bu məsələlərlə bağlı obyektiv səbəblər də var. Eyni zamanda Azərbaycana qarşı uzun illərə dayanan bir məkirli siyasət də öz rolunu oynayırdı. Şübhəsiz ki, vəziyyətlə barışmaq olmazdı və bu sədləri yarmaq lazım idi. Təsadüfü deyil ki, biz 44 günlük savaşın ilk günlərində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təkcə savaş meydanında deyil, həm də Azərbaycana qarşı məkirli siyasətini davam etdirən ölkələrin media quruluşlarının təxribatçı siyasətinin də darmadağın edilməsi istiqamətində çox mühim addımlar atdı. Bununla həm də Azərbaycan media məkanı üçün çox böyük bir nümunə göstərdi. Bu mənada hesab edirəm ki, zəfər qazandıqdan sonra da arxayınçılığa gərək yoxdur”.

E.Paşasoy hesab edir ki, yalnız təkbaşına öz mövqelərini gücləndirmək bahasına deyil, eyni zamanda Azərbaycan mətbuatının beynəlxalq media şəbəkələri, ayrı-ayrı sağlam qüvvələri ilə jurnalist təşkilatları, əməkdaşlıq platformaları çərçivəsində böyük uğurlara nail olmaq mümkündür:

“Bu mənada hesab edirəm ki, artıq ilkin addımlar var. Biz ilk növbədə qardaş Türkiyə ilə Azərbaycan mətbuatı arasında media platformasının bərqərar olması, inkişafı, əməkdaşlıq perspektivləri ilə bağlı artıq ilkin addımların şahidi olmuşuq və bu istiqamətdə proses davam edir. Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media təmsilçiləri arasında da əməkdaşlığın xeyli irəliyə doğru getməsi faktdır. Mən bir neçə dəfə Türk Dövlətləri Təşkilatının üzvləri, eyni zamanda Türk dövlətlərinə aid olmayan bir sıra ölkələrin media təmsilçilərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərin nə qədər faydalı olması, inkişafı və həqiqətləri həm də qardaş ölkələrin Azərbaycanla normal münasibətlərə üstünlük verən ölkələrin jurnalist təşkilatları və media təmsilçilərinin dili ilə tirajlanması bizə üstünlüklər gətirir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...