Tarix: 25.03.2024 / 16:02
“Ana dilinin tədrisi dövlət qurumları və səfirliklər tərəfindən təşkil olunmalıdır”

“Ana dilinin tədrisi dövlət qurumları və səfirliklər tərəfindən təşkil olunmalıdır”

Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərdə dərs vəsaitlərinin çatışmazlığı var. Eləcə də bu məktəblərin maddi-texniki təminatı ilə bağlı problemlər özünü göstərməkdədir. Baxmayaraq ki, bir çox hallarda diaspor təşkilatları da bu məktəblərə dəstək göstərsələr də, yetərli olmur. Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən problemlərin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Diaspora.tv-yə açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil alması ölkə üçün çox həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu baxımdan müvafiq dövlət qurumları bu işə xüsusi dəstək göstərməlidir:

“Bunun üçün müvafiq dövlət qurumunun büdcə sənədinə xüsusi bənd əlavə edilməlidir. Orada qeyd olunmalıdır ki, bu xaricdə yaşayan azərbaycanlıların təlim-tədris dəstəyi büdcəsidir. Məlumdur ki, dünyada bütün mədəniyyətlər, dillər öz varlığını qorumağa çalışır. Bir çox mədəniyyətin daşıyıcıları onu təbliğ etməyə çalışır. Bunun üçün müxtəlif alətlərdən istifadə edərək dəstək proqramları təşkil edirlər. Azərbaycan üçün də bu çox vacib məsələdir. Ona görə də düşünürəm ki, müvafiq dövlət qurumları vasitəsilə müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün bu mənada dəstək göstərilməlidir”.

Q.Məhərrəmov vurğulayıb ki, davamlı yeni məktəblər açılmalıdır:

“Xüsusilə Azərbaycan icmasının çox olduğu yerlərdə Azərbaycan dili və mədəniyyətinin yaşadılması üçün həftəsonu məktəbləri, müxtəlif kurslar açıla bilər. Bu mənada ayrı-ayrı təşəbbüslərlə diaspora təşkilatları, səfirliklər, konsulluqlar birlikdə iş görə və müxtəlif konseptdə təhsil müəssisələri aça bilər. Məlumdur ki, inkişaf etmiş ölkələrdə icmalara yönəlik məktəb açmaq asandır. Xüsusilə, dərsdənkənar məşğələ və ya həftəsonu məktəbləri kimi konseptlər asan formada təşkil oluna bilir. Sadəcə, burada maddi resurslar, texniki baza, dərslik və müəllim məsələsi qalır. Bunu da yenə də həmin ölkədə yaşayan yerli icmaların ictimai və ya qeyri-ictimai əsaslı dəstəyi ilə onları işə cəlb edərək həll etmək mümkündür. Qeyd etdiyim kimi, burada əsas rolu müvafiq dövlət qurumları və səfirliklər oynayır. Bu iş onlar tərəfindən təşkil olunmalıdır”.

Şərhlər

Yaz...