Tarix: 24.10.2024 / 09:39
Amerikanın məşhur universitetində Azərbaycan mədəniyyəti    gecəsi keçiriləcək

Amerikanın məşhur universitetində Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək

“Noyabr ayında Amerikanın Texas əyalətindəki məşhur Texas A&M Universitetində beynəlxalq həftə keçiriləcək. Artıq universitetin müvafiq şöbələri ilə görüş təşkil olunub, razılıq əldə edilib”.

Bu barədə Diaspora.TV-yə açıqlamasında Amerikada yaşayan azərbaycanlı, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov məlumat verib.

Q.Məhərrəmovun sözlərinə görə, beynəlxalq həftədə bir gün Azərbaycan mədəniyyəti gecəsi keçiriləcək:

“Azərbaycan mədəniyyəti gecəsinə gələn qonaqlara rəqslərimiz, musiqilərimiz, milli mətbəximiz, sənədli filmlərimiz nümayiş etdiriləcək”.

Qoşqar Məhərrəmov qeyd edib ki, 26 oktyabrda da San-Antonio şəhərində böyük festival keçiriləcək:

“Bu festivalda isə Azərbaycan stendi olacaq. Həmin stenddə mədəniyyətimizin və mətbəximizin nümunələri sərgilənəcək. Texasın məşhur şəhərlərindən olan Hyuston və Dallasda daa Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər keçirilir. Məsələn, elə 18 oktyabrla əlaqədar Hyustonda tədbirimiz oldu. Hər bir azərbaycanlı milli şüuru qorumağa çalışır. Azərbaycan dilini, mədəniyyətini yaşatmağa və bizdən sonrakı nəsillərə - Amerikada doğulub-böyüyən soydaşlarımıza ötürməyə çalışırıq. Bu bizə mənəvi rahatlıq verir”, - deyə Qoşqar Məhərrəmov bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...