Tarix: 12.06.2024 / 09:25

Amerikada azərbaycanlı gənclərə ehtiyac var - Professor çağırış etdi

“Diasporla müsahibə”nin növbəti qonağı Sent-Luisdəki (ABŞ) Vaşinqton Universitetinin professoru Aytəkin Hüseynli olub.

A.Hüseynli veriliş zamanı Amerikadakı çoxşaxəli fəaliyyətindən və gələcək planlarından bəhs edib.

Müsahibimizin sözlərinə görə, Amerikaya ilk dəfə təhsil üçün üz tutub və orada qalaraq fəaliyyətini davam etdirib.

“Mənim əsas fəaliyyət istiqamətim sosial-siyasət, sosial inkişaf, sosial müdafiədir. Eyni zamanda Azərbaycanın sosial problemləri ilə də yaxından maraqlanırıq”, -deyən A.Hüseynli bildirib ki, Amerikada ermənilərin azərbaycanlılar haqqında səsləndirdiyi birtərəfli fikirləri aradan qaldırıblar.

A.Hüseynli qeyd edib ki, ermənilər Azərbaycan muğamını da özününküləşdirib, amerikalılara tanıtmaq istəyiblər:

“Sonra xəbər tutdular ki, edəcəkləri təqdimata bir neçə professor və səlahiyyətli şəxslər qoşulacaq, ona görə təqdimata düzəliş etdilər. Muğamımız haqqında danışarkən Azərbaycanın əzəli mədəniyyəti olduğunu da vurğuladılar. Çox qürurverici idi. Tədbirdə muğam ustadlarımızın ifaları səsləndirildi. Hər şey qaydasında davam edirdi. Lakin sonda yenə Azərbaycana qarşı münasibətlər sistemindən danışarkən birtərəfli fikirlər səsləndirildi. Bizim tərəfdən gedənlər Azərbaycanı müdafiə etdilər. Çalışdıq ki, öz mövqeyimizi göstərək, yalan-yalnış informasiyanın yayılmasının qarşısını alaq”.

Professor azərbaycanlı valideynləri uşaqlar üçün “Uşaq qənaəti” hesabları açmağa çağırıb:

“6-7 ildir çalışırıq ki, Azərbaycanda da “Uşaq qənaəti” hesabları açılsın. Qazaxıstanda və eləcə də digər dünya ölkələrində bu layihə uğurla həyata keçirilir. Bəziləri düşünə bilər ki, uşaqların nə pulu olacaq ki, bir hesaba yatırsınlar. Ancaq uşaqların ad günündə, yaxud başqa xoş günlərində onlara verilən pulları valideynləri onların hesabına yatıra bilərlər. 18 yaşı tamam olduqdan sonra isə gənclər onu təhsil haqqı, yaxud da öz yaşayışını yaxşılaşdırmaq məqsədilə xərcləyə bilərlər”.

A.Hüseynlinin sözlərinə görə, hazırda Amerikada sosial sahə üzrə çalışanlara ehtiyac var:

“Soydaşlarımıza demək istəyərdim ki, nə qədər biz buradayıq, gəlin. Əksər sahələrdə, əsasən də sosial sahədə çox boşluq var. Gənclərimiz bura gəlib həm özlərini inkişaf etdirə, həm də Azərbaycanın rifahı üçün çalışa bilərlər”.

Qarabağ Universitetinin açılmasından danışan A.Hüseynli xaricdə yaşayan azərbaycanlıların bu hadisəyə çox sevindiyini bildirib:

“Təklif gələrsə, böyük məmnuniyyətlə Qarabağ Universitetində tələbələr üçün mühazirə deyə və dərs keçə, “visiting professor” - yəni qalıcı olmayaraq bir neçə günlük universitetə təhsil üçün üz tuta bilərəm”.

Şərhlər

Yaz...