Tarix: 08.08.2024 / 14:00
Alyans 20 diaspor təşkilatını özündə birləşdirib   - Minəvvər Vahabova

Alyans 20 diaspor təşkilatını özündə birləşdirib - Minəvvər Vahabova

“Mən artıq 18 ildir ailəmlə birlikdə ABŞ-da yaşayıram. Təsadüfən "Green Card" (Yaşıl kart) qalibi oldum və 2007-ci ildə Nyu York şəhərinə köçdük”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri, Azərbaycan Amerika Təşkilatları Alyansının prezidenti Minəvvər Vahabova deyib.

M.Vahabovanın sözlərinə görə, Amerikaya getdiyi gündən etibarən diaspor fəaliyyəti ilə məşğuldur:

“Doğrusunu deyim ki, hər şey fərqli olduğundan çox çətinliklərlə qarşılaşdıq, ancaq "güclü insanların bacarmadığı heç nə yoxdur" deyimi ilə həyatımızı davam etdirdik. Həftəsonu məktəbində uşaqlara dilimizi, tariximizi, mədəniyyətimizi öyrətməyə başladım. Müxtəlif aksiyalarda, tədbirlərdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərdim. Hər il fevral ayının 26-da Ermənistanın BMT-də daimi nümayəndəliyi qarşısında etiraz aksiyası keçirirdik. BMT-nın mənzil qərargahı, “Human Rights Watch”ın ofisi, Ağ Evin, Konqresin qarşısında dəfələrlə dinc aksiyalar keçirərək ictimaiyyətin, dövlətin və medianın diqqətini Vətənimizin o zamankı problemlərinə cəlb etməyə çalışırdıq. Dəfələrlə həmvətənlərimiz olan yazar və rəssamların əsərlərinin təqdimatını təşkil etmişik”.

Cəmiyyət rəhbəri bildirib ki, adət-ənənələrimizi qorumaq və gənc nəslə ötürmək məqsədilə müxtəlif bayram və əlamətdar günlərin keçirilməsini təmin edirlər:

“Azərbaycan mətbəxini yerli insanlara tanıtmaq məqsədi ilə "Azərbaycan" adlı bir məkan 6 il Nyu York şəhərində fəaliyyət göstərmişdir. Türk, özbək, türkmən, qazax, yəhudi və s. xalqların icmaları, diaspor təşkilatları ilə mütəmadi iş birliyi qurmuşuq. Müxtəlif məsələlərlə bağlı petisiyalar, məktublar, e-maillər cavabdeh məsul şəxslərin ünvanlarına göndərilib. Azərbaycanımızın 44 günlük müharibədəki qələbəsindən sonra bizim fəaliyyət istiqamətimiz dəyişdi. Biz artıq qalib xalqın nümayəndələri kimi başıuca gəzməyə və qazanılan qələbəni, zəfəri digər insanlara da sirayət etdirməyə çalışırıq. Biz başa düşürük ki, mənfur qonşularımız öz məğlubiyyətlərini heç zaman həzm edə bilməyəcəklər. Biz hər zaman onların layiqli cavablarını verməyə hazır olmalıyıq. Qəhrəman şəhidlərimizin, mərd qazilərimizin canı, sağlamlığı bahasına qazanılan qələbəni, Vətənimizin suverenliyini göz bəbəyimiz kimi qorumalıyıq. Üçrəngli, ay-ulduzlu bayrağımızı hər zaman başımızın üzərində saxlamalıyıq. Yaşadığımız ölkənin bəzi ştatlarında erməni lobbisinin güclü olması heç kimə sirr deyil”.

M.Vahabova qeyd edib ki, Azərbaycan diasporu ötən illərlə müqayisədə daha da güclənib:

“Son zamanlarda ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən 20 diaspora təşkilatını özündə birləşdirən Azərbaycan Amerika Təşkilatları Alyansını rəsmi qeydiyyatdan keçirdik. Ümid edirəm ki, bir çətir altında fəaliyyət göstərən Alyansın nailiyyətləri daha çox olacaq. Vətənimiz artıq bütövdür, suverendir, gündən-günə inkişaf edir, azad olunmuş bölgələrimiz abadlaşır. Biz könüllü olaraq Vətənimiz üçün əlimizdən gələni edirik. Hər birimiz Ali Baş Komandanımıza, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə bizə qələbə, zəfər sevinci yaşatdıqlarına görə minnətdarıq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...