Tarix: 24.10.2024 / 10:00

Almaniyaya getmək istəyənlərin nəzərinə: Yoxsa deportasiya olunacaqsınız

"Diasporla müsahibə" verilişinin növbəti qonağı 35 ildir Almaniyada yaşayan media üzrə mütəxəssis, Amerika şirkətində fəaliyyət göstərən soydaşımız, Hamburq Azərbaycanlıları Akademik Birliyinin sədri Elmar-Elçin Satterhoff olub.

E.E.Satterhoff müsahibə zamanı Vətən sevgisi, Almaniyada fəaliyyət göstərən diaspor cəmiyyətləri, diasporların üzləşdiyi çətinliklər, Almaniyaya üz tutmaq istəsən soydaşlarımızın keçməli olduğu mərhələlərdən danışıb.

Onun sözlərinə görə, dünya ölkələri üzrə hazırkı Azərbaycan diasporu kifayət qədər fəaldır:

"Bizim qarşımızda dünyanın ən güclü diasporu, lobbisi dayanır. Ermənilər bu baxımdan güclü rəqibdir. Azərbaycan diasporu gənc olmasına baxmayaraq, gördüyü işləri heçə saymaq olmaz. Soydaşlarımız əllərindən gələn qədər fəallıq nümayiş etdirirlər. Hətta Almaniyada Güney Azərbaycanlılar da çoxdur. Onların da bir qismi çox fəaldır. Problem odur ki, fəal olanlar həddən artıq fəaldır, digərləri heç fəal deyil. Biz alman mediasında ölkəmiz haqqında yayılan saxta informasiyalara qarşı mübarizə aparırıq. Hətta bir neçə dəfə tədbirlər, aksiyalar keçirmişik, azərbaycanlılar da yaxından iştirak edib. Onları bir arada görmək üçün cəmiyyətimiz aktiv fəaliyyət göstərir. Daha çox da Azərbaycanın əlamətdar günlərində toplanırıq".

Cəmiyyət rəhbərinin sözlərinə görə, Almaniyaya getmək istəyən soydaşlarımız alman dilini və qayda-qanunlarını öyrənib getməlidirlər:

"Əgər almanların tətbiq etdiyi qaydalara ayaq uydurmasan, deportasiya olunacaqsan. Bu səbəbdən əgər gənclərimiz getmək istəyirlərsə, ölkəmizin inkişafı və gələcəyi üçün bu yaxşı təşəbbüsdür. Ancaq getməzdən əvvəl alman dilini öyrənə bilsələr, orada iş tapmaq daha asan olacaq. Hətta işləməsən belə dövlət özü qayğına qalacaq. Ümumiyyətlə Almaniyada həqiqətən də işçi qüvvəsinə ehtiyac var. Məsələn, tibb bacısı, tibb qardaşı və bu kimi bir neçə sahələrdə gənclər işlə təmin oluna bilərlər".

E.E.Satterhoff Berlində Azərbaycan evinin fəaliyyət göstərdiyini bildirib:

"Düşünürəm ki, Hamburqda da buna ehtiyac var, orada azərbaycanlılar çoxdur. Əgər Azərbaycan evi fəaliyyətə başlasa, soydaşlarımız nəyinki özləri, hətta xarici vətəndaşları da bura cəlb edə bilərlər. Planlarımızdan biri də buna nail olmaq, vətənimiz üçün nə isə etməkdir. Çünki xaricdə yaşayan hər kəs Azərbaycan üçün nə isə etməli, özlərindən bir pay ayırmalıdırlar. Vətənimizi layiqincə təmsil edib, tanıtmalıyıq. Mən uşaq yaşlarımdan Almaniyada böyüsəm də valideynlərim sayəsində vətənə bağlı övlad kimi yetişdirilmişəm. Hər il Azərbaycana səfər edirəm. İstər yeməklərini, istər adət-ənənələrini qoruyub saxlayıram. Gələcək nəsil də bu yolu - Vətənə diqqət və qayğını tanıdıb, təmsil etməyi davam etdirməlidir".

Şərhlər

isrəfilov Mirzə Mirzə oğlu

Almaniyada işləmək istəyirəm mən nəyi öyrənməliyəm.

25.10.2024 / 08:09

Yaz...