Tarix: 24.09.2024 / 10:17
Almanlar ölkədən qovulan azərbaycanlı    qızın müdafiəsinə qalxdı

Almanlar ölkədən qovulan azərbaycanlı qızın müdafiəsinə qalxdı

Almaniya mətbuatı iki il əvvəl valideynləri ilə Almaniyaya mühacirət edən 18 yaşlı azərbaycanlı qız Aysunun dramından yazıb.

Diaspora.TV Haqqın.az-a istinadla xəbər verir ki, ötən həftə Gissen şəhərinin absorbsiya mərkəzində yaşayan Aysu gözlənilmədən Bakıya deportasiya edilib.

Yerli hakimiyyətin qərarı ötən gün səhər saatlarında şəhərin regional şurasının binası yaxınlığında toplaşaraq, qızın Almaniyaya qayıtmasına icazə verilməsini tələb edən yerli fəalların etirazına səbəb olub.

Qeyd edək ki, valideynləri ilə Almaniyaya mühacirət edən Aysu əslində yetim qalıb - atası cinayət törətdiyinə görə vətəninə deportasiya edilib, anası isə 16 yaşlı qızını ataraq yoxa çıxıb. Alman mətbuatının yazdığı kimi, yalqız qalmış gənc azərbaycanlı qız yerli qanunlara görə müşayiət olunmayan azyaşlı sayılırdı. Ancaq Aysu israrlı və çalışqan bir qız imiş. O, alman dilini öyrənib, Vetzlardakı məktəbi bitirib və Lindendə tibb bacısı təhsilinə başlamağı planlaşdırıb.

Keçən cümə axşamı Gissendəki miqrant gənclər qrupunun on səkkiz yaşlı lideri Elmar Schaub Aysu ilə birlikdə planlaşdırılmış görüş üçün ərazinin immiqrasiya idarəsinə gedib.

"Biz yaxşı əhval-ruhiyyədə idik, hər zaman zarafatlaşırdıq", - Schaub jurnalistlərə deyib. Əmin idim ki, Aysu nəhayət, işləmək hüququ qazanacaq. Amma biz ofisdə əyləşəndə üç polis peyda oldu və bizə izah etdi ki, Aysu Almaniyanı tərk etməli olacaq. Bu sözlərdən sonra Aysu huşunu itirib. Bu, əsl panik atak idi. Elə həmin gün onu Frankfurta apardılar və axşam Bakıya uçan təyyarəyə mindirdilər...”

Aysunun yaşadığı Linden mühacir kompleksinin rəhbərləri, yataqxanadakı otaq yoldaşları və digər əlaqədar şəxslər də qızın deportasiyasına etiraz ediblər. Onların hamısı səlahiyyətlilərdən bir şey tələb edirlər - qızın Almaniyaya qayıtmasına icazə verilməlidir:

"Aysu yaxşı inteqrasiya etmişdi, qısa müddətdə dil öyrənmişdi və ətrafına nümunə idi", - deyə Schaub bildirib:

"Qaçqınlar üçün yaşayış kompleksində olarkən bu 18 yaşlı qız özünü çox ləyaqətlə aparırdı".

Nümayişçilər tibb bacısı təhsili alan qızın ölkədən niyə qovulduğunu anlaya bilmir. Axı Almaniyada tibb işçilərinə kəskin tələbat var və Almaniya hökuməti başqa ölkələrdən tibb bacılarını işə dəvət edir.

“Baş verməməli olan bir şey baş verdi!", - Elmar Schaub deyir:

“Yaxşı bir işə cəhd edən, istəyən adamı necə həbs edib sürgün etmək olar? Axı Almaniya Aysu kimilərdən faydalana bilər!..”

Etirazçılar hakimiyyətin bu qərarı ləğv edəcəyinə və Aysunun Almaniyaya qayıtmasına icazə verəcəyinə ümid etdiklərini bildiriblər. Lakin deportasiya qərarına əsasən, qızın Almaniya Federativ Respublikasının ərazisinə yenidən daxil olması qadağan olunduğu üçün vəziyyəti mürəkkəbləşdirir. Daha sonra meydana toplaşan fəallar Gissen vilayət şurasından azərbaycanlı qızın deportasiya qərarının hansı əsasla verildiyini izah etməyi tələb etsələr də, heç bir cavab ala bilməyiblər.

Yalnız Sosial Demokrat Partiyasından olan Bundestaqın deputatı Feliks Dörinq məsələyə müdaxilə etdikdən sonra Regional Şura yazılı açıqlama yayaraq deportasiyanın Almaniya Federal Qaçqınlar və Miqrasiya Agentliyinin qərarı əsasında həyata keçirildiyini bildirib.

Açıqlamada, xüsusilə qeyd olunur ki, iki il əvvəl Aysuya Almaniyanı könüllü olaraq tərk etməsi zərurəti ilə bağlı xəbərdarlıq edilib. Daha sonra onu deportasiya etmək üçün bir neçə cəhd edilib, bundan sonra Federal Agentlik son qərarını verib.

Təəssüf ki, Aysunun Azərbaycanda qohumu yoxdur, əslində o, taleyin ümidinə buraxılıb. Qızın gələcək taleyi böyük sual olaraq qalsa da, Aysunun alman dostları onunla əlaqə saxlayır və yaşayış xərcləri üçün pul göndərirlər.

Şərhlər

Yaz...