Almaniyanın Bonn şəhərində Almaniyada yaşayan azərbaycanlı həkimlərin III forumu baş tutub.
Diaspora.TV Diasporla İş Üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, forum Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. Tədbirə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıb.
Almaniyada Azərbaycanlı Həkimlər Forumu İdarə Heyətinin sədri Elvin Hüseynovun moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Prezident İlham Əliyevin Qarabağda qazanılan qələbə ilə bağlı fikirlərinin əks olunduğu videoçarx, həmçinin Həkimlərin I və II Forumlarından bəhs edən videoçarx nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, ölkə başçısının tövsiyələri əsasında həyata keçirilən layihələr barədə danışıb, belə forumların diasporun birliyinə ciddi təsir etdiyini qeyd edib.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev çıxışında gələcəkdə forumun bütün dünyada yaşayan azərbaycanlı həkimləri əhatə edəcəyinin proqnozunu verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, forumun Almaniyadakı həkimlərlə daha sıx əlaqələr qurulmasındakı rolunu yüksək qiymətləndirib.
Forum müxtəlif mövzularda elmi müzakirələr və panel iclaslarla davam edir.