Tarix: 11.09.2024 / 14:18
Almaniyada xəstəxana açan azərbaycanlı... - FOTOLAR

Almaniyada xəstəxana açan azərbaycanlı...- FOTOLAR

“2010-cu ildə Azərbaycan Dövlət Tibb Universiteti və internaturanı bitirəndən sonra Almaniyaya köçmüşəm, artıq 15 ilə yaxındır burada çalışıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Endodontiya, Parodontologiya və İmplantologiya üzrə aparıcı mütəxəssis, Almaniya Endodontlar va Dental Travmatoloqlar Cəmiyyətinin (DGET), Alman Restorativ va Regenerativ Stomatologiya Cəmiyyətinin (DGRZ), Alman Diş və Ağız Təbabəti Cəmiyyətinin (DGZMK), Alman Konservativ Stomatologiya Cəmiyyətinin (DGZ) və Almaniyada Azərbaycanlı Həkimlərin Forumu (FAAD) və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) İdarə Heyətinin üzvü Nəriman Cabbarlı deyib.

N.Cabbarlının sözlərinə görə, Almaniyada yaşamağa başladığı andan etibarən Frayburg və Berlin şəhərlərinin universitet klinikalarında çalışıb:

“Hətta Berlin, Leipzig və Mannheim şəhərlərində şəxsi klinikalarda aparıcı mütəxəssis kimi çalışmışam. 2023-cü ilin iyul ayında Mannheim şəhərinin mərkəzində “Denterra” adında stomatoloji klinika açmışam”.

Həkim qeyd edib ki, xaricdə yaşamasına baxmayaraq, hər fürsətdə doğma milləti üçün çalışıb, müxtəlif xeyriyyə işlərində yaxından iştirak edib:

“Ukraynada 2017 və 2018-ci ildə Xortitsa Stomatoloji Forumda master-klass keçmişəm, 2019-2020-cu illərdə “Eighteeth Medical” şirkəti üçün endodontiya üzrə mühazirələr oxumuşam. 2022-ci ildə İtaliyada “Giornate Veronesi” forumunda, 2023-cü ildə Azərbaycanda “Perio & Endodontica” Forumunda mühazirəçi kimi iştirak edib, master-klass keçmişəm. 2017-2020-ci illərdə Azərbaycanda, Almaniyada karyerasını davam etmək istəyən cavan həmkarlar üçün kurslar keçmişəm. Frayburg Universitet Klinikasında çalışarkən "Trixolemmal kars-inoma" və "Skuamöz hüceyrəli karsinoma" barədə elmi işlərdə iştirak etmişəm. “Azerbaijan Medical Journal”da endodontiya barədə elmi yazılarım dərc olunub”.

N.Cabbarlı əlavə edib ki, 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində Qarabağ müharibəsi əlillərini və Qarabağ müharibəsində şəhid olanların qohumlarını təmənnasız müayinə və müalicə edib:

“2022-ci ilin fevralın sonunda Rusiyanın Ukraynaya hücumu zamanı Ukraynaya öz hesabıma dərman, tibbi avadanlıqlar göndərmişəm”.

Xəyalə Zöhrab
Diaspora.TV




Şərhlər

Yaz...