Sumqayıtda dünyaya gələn Emin Safixanov sonradan Ukraynaya köçərək futbolçu karyerasına orada başlayb. Sol cinah müdafiəçisi həmin ölkənin aşağı yaş qruplarından ibarət yığmalarına da cəlb edilib. Həmyerlimiz Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyaya köçüb və karyerasına hazırda orada davam edir. Başa çatan mövsümdə onun formasını geyindiyi "Monheym" çempion olaraq 4-cü liqada çıxış etmək imkanı qazanıb.
Diaspora.TV xəbər verir ki, 24 yaşlı futbolçunun sportal.az-a müsahibəsini diqqətinizə çatdırır:
- Başa çatan mövsüm sizin üçün necə keçdi? Çempion oldunuz. Yeni mövsümdən Oberliqada oynayacaqsız...
- Mövsüm həm bizim, həm də komandamız üçün yaxşı keçdi. Komandamızın qarşısına məqsəd qoyulmuşdu. Biz də bunu yerinə yetirə bildik. Şadam ki, istədiyimiz nəticəyə çatdıq.
- Almaniyada adətən belə olur ki, aşağı liqalardan gələn komanda qarşısında hədəf varsa, bir neçə ilə Bundesliqaya yüksəlir. Sizin qarşısınızda Bundesliqaya yüksəlmək məqsədi var?
- İndidən bu qədər uzağa gedib, gələcək haqda danışmaq tezdir. İndi tətildəyik. Sonra nəyin necə olacağını görəcəyik. Hər halda, bizim iddialı komandamız var və ən yaxşısı, Almaniya liqalarında üst pillələrdə olub, digər çempionatlara yüksəlmək üçün oynayırıq.
- Sənə Azərbaycan Premyer Liqasında yarışan klublardan təklif var? Ümumiyyətlə, Azərbaycan klubunda oynamaq istəyərdin?
- Azərbaycan klubları ilə heç bir danışığım olmayıb. Təkliflər olarsa, məmnuniyyətlə nəzərdən keçirəcəm. Ancaq olmayan məsələ haqda danışmaq doğru olmaz. Təklif gələr, danışarıq, bu haqda da fikir bildirərəm.
- Müharibə zamanı Ukraynadan Almaniyaya köçdünüz. Ailənlə birlikdə yaşayırsan?Ukraynaya qayıtmaq istəyirsən?
- Mənim ailəm də Almaniyadadır. Müharibənin əvvəlində ölkədən çıxmağı bacardılar. Ukraynada vəziyyət indi çox ağırdır, hələ qayıtmaq fikrində deyiləm. Çünki mənim evim də işğal altındadır. Bu isə vəziyyəti ikiqat mürəkkəbləşdirir.
- Almaniya İkinci və ya Birinci Bundesliqasında oynasan, Azərbaycan və ya Ukrayna yığması böyük ehtimalla sənə dəvət göndərəcək. Seçim etməli olsan, Azərbaycanı, yoxsa Ukraynaya üstünlük verəcəksən?
- Əvvəlcə milli komanda səviyyəsinə çıxmaq lazımdır. Bundan sonra seçim edəcəm. Hazırkı vəziyyətdə isə hansısa seçim etməyim, nəsə deməyim doğru deyil. Çünki bunlar olmayıb.