Tarix: 01.05.2024 / 11:13
“650 min erməninin içində 68 min azərbaycanlı yaşayır” –  Diaspor rəhbəri

“650 min erməninin içində 68 min azərbaycanlı yaşayır” – Diaspor rəhbəri

“Bu gün Rusiya-Azərbaycan əlaqələrində Azərbaycan diasporunun təmsil olunması labüddür”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev deyib. Onun sözlərinə görə, Rusiyanın 85 subyekt və vilayətlərində Azərbaycanın diaspor nümayəndəlikləri var.

F.Yarıyev qeyd edib ki, “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzi 2000-ci ildə Stavropolda yaradılıb:

“Bu gün Stavropol diyarında 110 millətin nümayəndəsi yaşayır. Hazırda burada 650 min erməni, 68 min isə azərbaycanlı yaşayır. Ermənilərin sayı çox olsa da diasporumuz Azərbaycanı layiqincə təmsil edir. Hazırda Stavropol qubernatorunun Milli məsələlər və Daxili işlər orqanlarında miqrasiya xidməti yanında Şuranın üzvüyəm”.

Diaspor rəhbəri deyib ki, bu gün əsas məqsədləri Azərbaycan mədəniyyətini tanıtmaqdır:

“Diaspor fəaliyyətimizlə bağlı müəyyən problemlər yaratmağa çalışırlar. Bəzi millətlər gördüyümüz işlərə qısqanclıqla yanaşır və ya mane olmaq istəyirlər. Təbii ki, bütün bu maneələrin qarşısı alınır və onlara gördüyümüz işlərlə cavab veririk. Qeyd edim ki, fəaliyyətimiz Rusiya rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilir”.

F.Yarıyev əlavə edib ki, buradakı universitetdə təhsil alan azərbaycanlı gənclərlə tez-tez görüşlər təşkil edirlər:

“Onlara Rusiya-Azərbaycan münasibətlərini diqqətdə saxlamağı, ən əsası isə təhsillərinə xüsusi önəm verməyi, var gücləri ilə çalışmaları tövsiyə edilir. Yerli media ilə də münasibətlərimiz də normal səviyyədədir. Bu səbəbdən də Stavropolda Azərbaycan diasporunun gördüyü işlər media tərəfindən geniş işıqlandırılır”.

Diaspor rəhbəri qeyd edib ki, ermənilərin çox olduğu Stavropol dövlət kanalında belə dolmanın Azərbaycan mətbəxinə aid olduğunu sübut ediblər:

“Eyni zamanda bizim tədbirlərdə ermənilər tar, kaman və qavalın onlara məxsus olduğunu bildirmək istəsələr də buna nail ola bilmədilər. Azərbaycanlı uşaqlar üçün həftəsonu məktəblərində mədəniyyətimiz və incəsənətimiz tədris olunur. Hətta bununla bağlı sənədli film də çəkilib. Bu filmdə tar, kaman və qavalın Azərbaycana məxsus olduğu bir daha vurğulanıb. Qeyd edim ki, həmin film dövlət televiziyası və digər media orqanları tərəfindən də geniş işıqalandırılıb”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...