Tarix: 06.06.2024 / 15:11
22 il vaxt keçib, amma arzu olunan nəticə yoxdur  - Xəqani Cəfərov

22 il vaxt keçib, amma arzu olunan nəticə yoxdur - Xəqani Cəfərov

“Lobbi fəaliyyəti dövlətlərin xarici siyasətinin bir hissəsi olduğu üçün diaspor nümayəndələri də diplomatlar kimi seçilməlidir. Yəni, onların ilk öncə bu missiyanı həyata keçirmək qabliyyətlərinin olub-olmaması müəyyən olunmalıdır. Diaspor nümayəndələrinin vətəninə və dövlətinə bağlılığı əsas şərt olsa da, yetərli deyil”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Xəqani Cəfərov deyib. O bildirib ki, diaspor nümayəndələri təmsil etdiyi dövlətin maraqlarının nədən ibarət olduğunu, onu necə ifadə etməyi və həyata keçməsinə necə nail olmağı bilməlidir:

“Belə şəxsləri daha çox humanitar ixtisas sahibləri arasından seçmək olar. Biznes adamlarının şəxsi maraqları ilə təmsil etdiyi dövlətin maraqlarının toqquşması ehtimalı çox oldduğu üçün, iş adamlarını önə çıxarmaq yanlışdır. Əgər diaspor nümayəndələri təmsil olunduqları ölkənin ictimai-siyasi həyatında iştirak etmirsə və yaxud da bu fəaliyyət arzu olunan nəticəni verirmirsə, deməli, bu fəaliyyət formal xarakter daşıyır”.

Politoloq təəssüf hissi ilə əlavə edib ki, Azərbaycanın dünyada lobbisinin fəaliyyətini yönəltməli olan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 22 il keçsə də, arzu olunan nəticəyə nail olunmayıb:

“Halbuki, dövlətin bu məqsədlə kifayət qədər vəsait xərclədiyini düşünürəm. Diaspor nümayəndələri təmsil olunduqları ölkələrdə qardaş və dost ölkələrin lobbi təşkilatları ilə əlaqəli fəaliyyət göstərə bilər. Amma müstəqil dövləti və bəzən qardaş dövlətlərlə üst-üstə düşməyən maraqların da ola biləcəyini hiss etdirməlidirlər. Əks halda Azərbaycan lobbi təşkilatları başqa lobbi təşkilatlarının əlavəsi kimi görünəcək”.

Politoloq hesab edir ki, siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, xüsusilə qadın və gənclik təşkilatlarının fəaliyyətində yaxından iştirak etmək lazımdır:

“Bir neçə İslam dövləti istisna olmaqla dünyanın əksər dövlətlərində qadın təşkilatları ilə yaxından işləmədən ictimai-siyasi həyatda uğur qazanmaq faktiki olaraq mümkünsüz hala gəlməkdədir. Qadınların rolu qarşıdakı illərdə daha da artacaq. Unutmaq olmaz ki, 21 əsr qadın əsridir”.

X.Cəfərovun sözlərinə görə, ictimai-siyasi proseslərin fenomeninə çevrilən Z nəsili ilə işləmək də yalnız bu günə deyil, həm də yaxın bir neçə on illiyə ictimai-siyasi sərmayə deməkdir:

“Qarşıdakı yarım əsrdə Z nəsili ictimai-siyasi proseslərin əsas qüvvəsi olacaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...